İyunun 12-də Dünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi və Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
SİA-nın məlumatına görə, görüşdə DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan tərəfinin Əfqanıstan ilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
A.Əliyev qeyd edib ki, Azərbaycanda gömrük xidmətinin inkişafının prioritetlərdən biri də informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqidir və 1999-cu ildə ölkənin gömrük sistemində İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlayıb.
Əmirzai Sangin iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın perspektivlərindən söhbət açıb. O, Əfqanıstanda İKT sektorunun inkişaf təməlinin 10 il əvvəl qoyulduğunu diqqətə çatdıraraq bu sahədə bir sıra uğurlar əldə edildiyini, lakin hələ də problemlərin mövcud olduğunu və bu məsələlərin həllində beynəlxalq əməkdaşlığa, o cümlədən Azərbaycanın təcrübəsinin öyrənilməsinə önəm verdiklərini bildirib.
Sonra Azərbaycan Gömrük Xidmətində tətbiq olunan "bir pəncərə" prinsipi ilə bağlı təqdimat olub, mövzu ətrafında müzakirələr aparılıb.