Eldar İbrahimov: “Biz gələcək taleyimizi artıq həll etmişik” AÇIQLAMA

11 İyun 2013 18:39 (UTC+04:00)

"İyunun 7-də Yeni Azərbaycan Partiyasının keçirdiyi qurultayda əsas məsələ seçkiqabağı öz namizədimizi irəli sürmək idi. Partiyanın 600 minlik üzvünün və demək olar ki, Azərbaycan xalqının seçimi İlham Əliyev idi". Bu fikirləri SİA-ya açıqlamasında YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov deyib.

Millət vəkili prezident İlham Əliyevin bu gün Azərbaycanda alternativinin olmadığını söyləyib: "Çünki, İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanda gördüyü işlərin sayı-hesabı, tayı-bərabəri yoxdur. Möhtərəm prezidentimiz Azərbaycanı bütün gücü ilə inkişaf etdirir. Ulu öndər Heydər Əliyev siyasətini çox böyük uğurla davam etdirir. Təkcə iqtisadi və siyasi sahədə yox, bütün sahələrdə bu inkişaf özünü büruzə verir. Azərbaycanda hər il müxtəlif beynəlxalq səviyyəli mədəni, iqtisadi, siyasi və idman tədbirləri keçirilir. Bütün bunlar prezident İlham Əliyevin nüfuzundan, Azərbaycanın artan qüdrətindən xəbər verir. Bu illərdə biz Avropanın bir çox ölkəsini geridə qoyaraq BMT-nin 10 qeyri-daimi üzvündən biri seçildik, 155 ölkə bizə səs verdi. Bu, Azərbaycanın inkişafı, Azərbaycanın nüfuzudur. Azərbaycan borc alan ölkədən investisiya yatıran ölkəyə çevrilib. Azərbaycan bu gün Balkanlarda, Şərqi Avropada, Serbiyadan tutmuş digər ölkələrə qədər sərmayələr yatırır. Bu bizim siyasətimiz üçündür".

Yeni Azərbaycan Partiyasının qurultayını yüksək qiymətləndirən Eldar İbrahimov bildirib ki, biz 2013-2018-ci illər üçün gələcək taleyimizi artıq həll etdik, yekdil olaraq cənab İlham Əliyevin namizədliyini irəli sürdük. Biz gələcəyimizə, inkişafa, bugünkü əmin-amanlığımıza, sabitliyimizə, möhtərəm prezident İlham Əliyevin yenidən namizədliyinə səs verdik. Mən tam əminliklə bildirmək istəyirəm ki, biz seçkilərdə qalib gələcəyik. Növbəti 5 ildə prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Dağlıq Qarabağ problemi öz həllini tapacaq".