Avropanın iki üzü

10 İyun 2013 18:10 (UTC+04:00)

Qərb Türkiyədəki hadisələri "Ərəb baharı"na bənzətdi. Türkiyə isə "olsa-olsa Londona bənzəyər" dedi. Ancaq yaddaşları təzələyib 2011-ci ilin avqustunda Londonun mərkəzindən başlayan və İngiltərənin bir çox şəhərinə yayılan etiraz dalğasını xatırlasaq görərik ki, "Gəzi Parkı" etirazları London hadisələrinin kölgəsində qalır.

4 avqust 2011-ci ildə Londonda ingilis polisi 29 yaşındakı Mark Dugganı yol nəqliyyat hadisəsindən sonra baş verən mübahisə əsnasında silahla vuraraq öldürmüşdü. Olaydan 2 gün sonra Londonda qiyam baş verdi. 16 yaşındakı gənc bir qız etirazlara rəhbərlik etdiyinə görə polis tərəfindən vəhşicəsinə döyüldü. Bu hadisə etirazları daha da qızışdırdı.

Avqustun 6-da Londonda başlayan etirazlar 48 saat sonra dalğa-dalğa İngiltərənin digər şəhərlərinə yayılır. 5 gün müddətinə etirazçılar qarşılarına çıxan dövlət və özəl mülkiyyəti yandırır, hücumlar təşkil edir, qarətlər başlayır. Qarətlərdən sonra insanlar Londonda küçəyə çıxmağa qorxurdular.

Polisin olaylara sərt müdaxiləsi 5 insan həyatına son qoydu, 16 nəfər ağır yaralandı. Yaralılardan biri 75 yaşındakı qadın idi. Bu zaman polis etirazçılara qarşı yalnız dəyənəklə deyil, bibər qazı, plastik güllə və elektro şoklu tapançalardan istifadə edib. İngilis polisi nümayişçiləri bədənlərinə elektrik verərək onları saxlayırdı. Artıq avqustun 10-da şiddət olayları nəzarət altına alındı. 3100 insan polis tərəfindən saxlanıldı. Ayın 15-də onlardan 1000-i məhkəməyə çıxarıldı. Təkcə Londonda 3443 cinayət törədildi. 5 günün statistikası isə 200 milyon pound zərər olaraq qeydə alındı. Bu, hadisənin maddi zərərləri idi, sosial nəticələri isə daha dağıdıcı oldu. Xüsusilə londonlular böyük bir psixoloji çöküş yaşadı, polisin sərt müdaxilələri və hökumətin buna dəstək verməsi dövlətə olan etibarı sarsıtdı. London hadisələri İngiltərə daxilində şəbəkə cinayəti, xuliqanlıq kimi nəticələrə stimul verdi.

İngiltərənin baş naziri Devid Kameron hadisələr başladığı vaxt İtaliyada tətildə idi. Tətilini yarımçıq qoyub ölkəsinə qayıtdı, parlamenti topladı. İnsanlara qarşı amansız rəftarına baxmayaraq polisin arxasında dayandı, təhlükəsizlik güclərinə dəstək verdi və nümayişçiləri sərt dillə tənqid etdi.

London hadisələri İngiltərədə "Blackberry hadisələri" olaraq da yaddaşlarda qalıb. Bunun səbəbi etirazçıların hərəkət marşrutunu təyinetmə və görüş yeri üçün Blackberry mesajları istifadə etmələri idi. Blackberry ilə birlikdə digər sosial şəbəkələr də öz işini görürdü. İngiltərənin baş naziri vəzifəsinə o qədər arxalandı ki, İngiltərə kimi bir ölkədə sosial şəbəkələrə məhdudiyyət qoyula biləcəyi xəbərdarlığını belə etdi.

Bir tərəfdə London, digər tərəfdə Taksim olayları. Yuxarıda sadaladığımız statistika, verilən məlumatlar ingilis rəsmi qaynaqlarından götürülüb. Fərq ortadadır, polisin nə qədər irəli getdiyi də. Taksimdə bibər qazının İngiltərədəki qarşılığı öldürücü silah, elektro şok və öldürücü dəyənək zərbələri.