Ötən ay ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı hesabatı yayımlanmışdı. Həmin hesabatın Azərbaycana aid hissəsində tənqidlərlə yanaşı ölkəmiz üçün çox önəmli olan müsbət məqamlar da az deyildi. Lakin təəssüflər olsun ki, tərəfli media hesabatın yalnız mənfi yönlərini tirajlamaqla ictimai rəyi çaşdırmağa, guya ki, ABŞ-ın Azərbaycanı dünyanın ən bərbad ölkələrindən biri kimi təqdim etdiyini göstərməyə çalışdı.
Halbuki, hesabata diqqətlə baxılarsa, orada elə məqamlar yer alıb ki, onları ölkəmizdə təməl insan haqları ilə bağlı ciddi və bir çox hallarda dünyanın hətta ən irəli ölkələri üçün örnək hesab etmək olar. Beləliklə, hesabatın bəzi dairələrin görməzlikdən gəldiyi məqamları haqqında söhbət açırıq.
Sitat: "Bölücülər, Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ və Azərbaycanın başqa 7 rayonunu nəzarətdə saxlamağa davam edib". – Bizcə, ABŞ-ın ən yüksək səviyyədə bunu bir daha etiraf etməsi Ermənistan-Azərbaycan münaqişəsində kimin haqlı olması baxımından çox önəmlidir.
Növbəti sitat: "İl ərzində siyasi motivli heç bir yoxa çıxma qeydə alınmayıb". – Bir sıra ölkələrdə siyasi fəalların məhz bu yöndə fəaliyyətlərinə görə yoxa çıxması halları fonunda ölkəmiz, doğrudan da, nümunə sayıla bilər.
Daha bir sitat: "Məhbuslara dini ehtiyaclarını yerinə yetirməyə və ailə üzvləri ilə görüşməyə imkanlar yaradılıb". – Bəzən Azərbaycanda dini inancların yerinə yetirilməsi ilə bağlı tənqidləri tirajlayanlara, bizcə, bundan yaxşı cavab ola bilməz.
Sitat: "Hökumət bir sıra beynəlxalq, həm də yerli humanitar və insan haqları qurumlarına, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi, Avropa Şurasının İşgəncələri Önləmə Komitəsi, ATƏT və Avropa Birliyinin təmsilçilərinə həbsxanaları ziyarət üçün şərait yaradıb". – Bu da ölkəmizdə məhbuslarla görüşlərə yasaqlar qoyulması haqqında əsassız iddia irəli sürənlər üçün olsun.
Sitat: "Beynəlxalq Qırmızı Xaç Komitəsinə görə, hökumət həbsxana şəraitini yaxşılaşdırmaq üçün nəzərə çarpacaq işlər görüb." – Hər halda, yaxşı dəyərləndirmədir və şərhə ehtiyac yoxdur.
Sitat: "Bir sıra beynəlxalq müşahidəçilər polisin il ərzində keçirilən etiraz aksiyaları zamanı daha ölçülü və uyğun taktikadan istifadə etdiyi haqqında hesabatlar verib." – Bizcə, bu dəyərləndirməyə də əlavə şərh verməyə gərək yoxdur.
Sitat: "Ədliyyə Nazirliyi məlumat verib ki, il ərzində vətəndaşların hüquqlarını pozduğu üçün 460 nəfər işçisinə qarşı inzibati tənbeh tədbiri görüb. 3 nəfər işdən çıxarılıb, 2 nəfər haqqında Baş Prokurorluğa müraciət edilib, 12 nəfər isə daha aşağı vəzifəyə keçirilib". – Ölkədə mütləq cəzasızlıq mühiti olduğu haqqında iddia irəli sürənlər üçün bundan yaxşı fakt ola bilməz.
Sitat: "Vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsinə 1299 müraciət göndərib ki, bunlardan da 694-ü rədd edilib." – Bu da Avropa İnsan Haqları Məhkəməsinə müraciət edənlərin heç də həmişə haqlı olmadığını təsdiq edir.
Sitat: "Xarici stansiyaların yayımlarını peyk vasitəsilə qəbul etməkdə heç bir əngəl olmayıb. Lakin Milli Teleradio Şurası özəl TV və radio kanallarından xarici xəbər proqramlarını yayınlamamağı tələb edib." – Birinci cümlə düzgün olsa da, açığı, ikinci cümlənin əsaslılığını təsdiq edəcək heç bir fakt yoxdur.
Sitat: "Hökumət bir qayda olaraq İnternetə girişi əngəlləməyib. Yalnız internet xidməti təminatçılarından lisenziya tələbi olub." – Təbii ki, burada nə insan haqları, nə də qanun pozuntusundan söhbət gedir. Normal yanaşmadır yəni.
Sitat: "Talış, avar, rus, yəhudi və s. kimi azlıqların nümayəndələri Milli Məclis və hakimiyyət qurumlarında təmsil olunub." – Bu da milli azlıqların dövlət vəzifələrinə irəli çəkilməməsini iddia edənlərə bir cavab sayıla bilər.
Sitat: "Sayı 15-20 min arası olan yəhudi icmasına qarşı hər hansı antisemit əməl barədə təsdiq edilmiş məlumatlar verilməyib." – Dünyada yəhudilərə qarşı çox zaman artmaqda olan dözümsüzlük fonunda bu dəyərləndirmə bir çox mətləblərə aydınlıq gətirir. Azərbaycan tolerant ölkədir və bunu ABŞ Dövlət Departamentinin hesabatı bir daha təsdiq edir. Yeri gəlmişkən əlavə edək ki, hələ Heydər Əliyevin prezidentliyi dönəmində ölkəmizə səfər edən ABŞ yəhudi icmasının nümayəndələri onunla görüş zamanı demişdi ki, "Azərbaycan yer üzündə yəhudilərin yaşaması üçün ən yaxşı ölkədir". İndiki hesabat da həmin fikirləri bir daha təsdiqləmiş olur.
Ermənistanın işğalı altındakı torpaqlarımızdan kənarda yaşayan erməni əsilli vətəndaşlarımızla bağlı bu dəyərləndirmə isə cığal qonşularımız üçün soyuq duş effekti verə bilər: "Sayı haradasa 20-30 min nəfər olan erməni əsilli vətəndaşlar tarixən iş, ev və sosial xidmətlər məsələsində şikayətçi olublar. Ancaq il ərzində ermənilərə qarşı hər hansı zorakılıq haqqında məlumat daxil olmayıb".
Bu dəyərləndirmə isə, bizə görə, obyektivlikdən qismən uzaqdır: "Bəzi qruplar öz ana dillərində təhsil almaq kimi məsələlərlə bağlı bəzən şikayətçi olublar. Bu qruplar arasında cənubda talışlar, şimalda ləzgilər, ahıskalılar və kürdlər var".
Bizcə, ahıskalıların fərqli bir dilinin olmaması, kürdlərin isə kompakt yaşayış yerinin yoxluğu onların belə şikayətlərlə çıxış etməsini mümkünsüz edir. Talışlar və ləzgilərə gəlincə, bəli, onların belə şikayətləri olur və bu da sadəcə olaraq həmin dillərdə dərs keçəcək mütəxəssislərin yoxluğundan qaynaqlanır. Yəni onların ana dilində təhsilini əngəlləmək üçün heç bir rəsmi qərar və hərəkət yoxdur və ola da bilməz.
Daha bir maraqlı məqam: "Britiş Petroleum şirkətinin işçiləri həmkarlar ittifaqında birləşib, lakin bir sıra xarici şirkətlərdə durum pis olub". – Düzdür, burada artıq 2000-ci ildən adını dəyişmiş bir şirkət – BP düzgün təqdim edilməsə də, ölkəmizdə fəaliyyət göstərən və əsasən də Azərbaycanı tənqid etməyə alışmış ölkələri təmsil edən xarici şirkətlərin yerli işçilərin həmkarlar ittifaqlarında birləşmə hüququnu pozduğu etiraf edilir.
Bir daha qeyd etmək istərdik ki, yuxarıdakıları diqqətə çardırmaqda məqsədimiz heç də hesabatın tam olaraq ölkəmizlə bağlı müsbət görüntü yaratdığını iddia etmək deyil. Sadəcə, düşündük ki, biriləri hesabatdan yalnız mənfi çalarlı sitatları təqdim etməklə, əslində, onun ümumi ruhunu təhrif etdiyi halda biz də ədaləti bərpa etmək üçün bu yönləri diqqətə çatdıraq. Düşünürük ki, belə yanaşma birilərinin ictimai rəyi yanıltma cəhdlərinin qarşısını az da olsa ala bilər.
Sonda onu da əlavə edim ki, şəxsən özüm hesabatın tam mətnini – 37 səhifə - orijinaldan, ingilis dilində oxumuşam və buradakı sitatları heç bir müdaxiləsiz tərcümə və təqdim etmişəm.