"Azərbaycanda kiber təhlükəsizliyi sahəsində müsbət istiqamətdə dəyişikliklər mövcuddur". SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə deyib.
O bildirib ki, bu dəyişikliklərin səbəbi ölkə prezidenti tərəfindən həm dövlət qurumları, həm də özəl qurumların kiber təhlükəsizliyi ilə məşğul olan dövlət qurumlarının müəyyən olunmasıdır: "Dövlət sektoru üçün Prezident yanında Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdində dövlət agentliyi fəaliyyət göstərməyə başlayıb. Qeyri-dövlət sektoru üçün isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Bunlar hamısı ölkədəki qurumların kiber təhlükəsizliyinin təmin olunması məqsədilə müsbət istiqamətdə atılan addımlardır. Lakin yenə də son dövrlərdə dövlət sektorunun kiber təhlükəsizliyi tam təmin edilməyib. Belə ki, iki ay bundan öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və digər dövlət qurumlarına məxsus olan informasiyalar xaker qrupları tərəfindən oğurlanıb. Bu onu göstərir ki, hələ də dövlət qurumları arasında informasiya təhlükəsizliyi lazımi səviyyədə deyil. Bu sahədə görüləcək işlər çoxdur".
Forumun prezidenti dövlət sektorundan fərqli olaraq qeyri-dövlət sektorunda ümumiyyətlə müsbət istiqamətdə inkişafın mövcud olmadığını vurğulayıb: "Hesab edirəm ki, Elektron Təhlükəsizlik Mərkəzi dərhal qeyri-dövlət sektorunun kiber təhlükəsizliyilə bağlı məlumatlandırıcı fəaliyyətə başlamalıdır".
Osman Gündüz onu da qeyd edib ki, Azərbaycanın informasiya sektorunda kiber təhlükəsizliyini təmin edən ekspertlər azlıq təşkil edir: "Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində əsas problemlərdən biri də kadr çatışmazlığıdır. Ölkəmiz "Kiber Təhlükəsizliyi haqqında Konvensiya"ya qoşulub. Konvensiyanın tələblərindən biri də ondan ibarətdir ki, təhlükəsizliklə bağlı infrastruktur yaradılmalıdır. Bu infrastruktur isə təkcə qanunverici baza deyil. Həm də bura proqram vasitələri, kadrlar, maliyyə vasitələri və digərləri daxildir. Düşünürəm ki, həm yeni yaranan İnformasiya Texnologiyaları Universitetində, həm də xarici ölkələrdə kiber təhlükəsizliyilə bağlı mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir".