"İnternet təhlükəsizliyi sahəsində biliklərin aşılanması zəruridir"

30 May 2013 13:18 (UTC+04:00)

Bu gün "İnternyus Azərbaycan"-ın təşkilatçılığı və İsveçin SİDA təşkilatının dəstəyilə "Azərbaycanda kiber təhlükəsizlik" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, "Media forum" saytının baş redaktoru Azər Qaraçənli deyib ki, virtual aləmdə təhlükəsizlik məsələləri daima aktual məsələ olaraq qalıb. Onun sözlərinə görə, Azərbaycan dövlət qurumlarının və media qurumalarının saytlarına mütəmadi şəkildə xaker hücumları təşkil olunur: "Xaker hücumlarının nə məqsədlə təşkil olunmasından asılı olmayaraq hücum olunan struktur üçün problemlər yaradır. Hər bir xaker hücumu məlumat itkilərilə nəticələnir və strukturun arxivindən itirilmiş materialları təəssüf ki, geri qaytarmaq olmur".

İnformasiya texnologiyaları üzrə ekspert Emin Hüseynzadə isə bildirib ki, informasiya təhlükəsizliyi dünya media sahəsində ən çox yayılan problemlərdən biridir. Ekspert qeyd edib ki, Azərbaycan mediasında hər ay müxtəlif saytlara hücumların olduğu, istifadəçi hesablarının oğurlandığı, başqalarının adı ilə məlumatların paylaşıldığı haqda xəbərlər işıqlandırılır: "Bəzən ayrı-ayrı jurnalistlər, bəzən bütövlükdə media qurumları bu tipli problemlərlə üzləşirlər. Müəyyən məqamlarda bu məlumatların bir qismi həqiqəti əks etdirsə də, bir qism məlumat informasiya texnologiyaları sahəsində biliklərin lazımi qədər olmaması səbəbindən yanlış olur. Belə ki, bəzən tamamilə fərqli səbəblərdən işləməyən saytların xaker hücumlarına məruz qaldığı bəyan edilir. Azərbaycan mediasında bu məsələlərin həll olunması məqsədilə internet təhlükəsizliyi sahəsində biliklərin aşılanması zəruridir".

Tədbir internet məkanının təhlükəsizliyi ilə bağlı mövcud problemlər, çıxış yolları, təkliflər və onların reallaşdırılması üsullarının müzakirəsilə davam edib.