Bu gün Bakıda "Gələcəyə baxış" Azərbaycan-ABŞ forumu çərçivəsində "ABŞ-Azərbaycan strateji əməkdaşlığı: atılacaq növbəti addımlara doğru" mövzusunda plenar sessiyaya yekun vurulub. SİA-nın məlumatına görə, sessiyanın yekununda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar, ABŞ Konqresinin Texas ştatından olan üzvü, Ted Po, Şeyla Cəkson Li, Stiv Stokmən və digərləri çıxış ediblər.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar deyib ki, Sovet İttifaqı dağılandan sonra Amerikanın (ABŞ) başlıca siyasəti o idi ki, bazara əsaslanan siyasətə dəstək verilsin: "Biz öz mənafelərimizi güdmürük. İllər boyu biz terrorçuluğa, nüvə, eləcə də digər bu kimi qırğın silahlarına qarşı birgə mübarizə aparmışıq. Azərbaycan dövləti də bu istiqamətdə ABŞ-a hərtərəfli dəstək olub. Ölkəniz öz vətəndaşlarına qarşı investisiyaları artırmalı, qadınların cəmiyyətdə rolunu aktivləşdirməli və korrupsiyaya qarşı mübarizəni daha gücləndirməlidir. Biz Azərbaycanın uğurunu görmək istəyirik. Mən ölkənin müstəqillikdən sonra atdığı bütün addımlara valeh olmuşam".
ABŞ Konqresinin Texas ştatından olan üzvü Ted Po vurğulayıb ki, 20 ildən çoxdur ki, Azərbaycan müstəqil həyata qədəm qoyub: "İyunun 4-də isə biz ABŞ-ın müstəqillik gününü qeyd edəcəyik. Azərbaycan müsəlman ölkəsində ilk demokratik ölkədir. Sizin qonşunuz olan İran ikili siyasət yürüdür. Adı çəkilən bu dövlət həm sizə, həm Rusiyaya, həm də ki, Ermənistana dəstək verir. Bu da çox mənfi haldır. ABŞ isə bütün sahələrdə həmişə Azərbaycana dəstək nümayiş etdirib. Azərbaycanın Əfqanıstanla ticarət əlaqələri getdikcə artır. Biz ABŞ-ın Azərbaycana yardımına qadağa qoyan 907-ci düzəlişin aradan qaldırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Biz dünyanın enerji paytaxtıyıq. Azərbaycan ötən gün öz müstəqillik gününü bayram etməklə, bir daha demokratiyanın və siyasi azadlığın təminatçısı olduğunu ortaya qoyub".
ABŞ Konqresinin Texas ştatından olan üzvü Şeyla Cəkson Li isə Azərbaycan hərbiçilərinə dərin minnətdarlıq edib. Belə ki, o müstəqil Azərbaycanın inkişaf etdirilməsinə, demokratik dəyərlərin qorunub, saxlanılmasına eləcə də vətənə canla-başla xidmət etdiklərinə görə, zabitlərə, əsgərlərə təşəkkürünü bildirib: "Həm Aərbaycan, həm ABŞ gəncləri bir-birlərinə dəstək olmalıdırlar". Daha sonra digər çıxış edənlər forumun əhəmiyyətindən danışıblar. Qeyd edək ki, forumda ABŞ senatları, keçmiş nazirlər, səfirlər və s. rəsmilər iştirak ediblər.