Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Bakı şəhərindəki N saylı hərbi hissədə 28 May Respublika günü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və millət vəkilləri iştirak edib.
İlk olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 21 illik fəaliyyəti haqqında video- çarx nümayiş olunub. Daha sonra hərbi hissənin əməkdaşları qonaqları hərbi hissənin şəraiti ilə yaxından tanış ediblər.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva əsgərlər qarşısında çıxışı zamanı partiyanın qadın üzvlərinin əsgərlərlə görüşə gəldiyini bildirib: "Biz analar sizlərin alnı açıq vətənə xidmətinizdən sonra sağ- salamat qayıtmağınızı intizarla gözləyirik. Qadınlarımız adından cəsarətlə deyə bilərəm ki, hər bir ana övladının hərbi xidmətə getməsindən qürur hissi keçirir".
"Bu gün Daxili Qoşunların yaranmasından 21 il keçir. Geriyə gönüb baxanda bu illər ərzində ölkəmizdə nə qədər inkişaf olduğunu görmək elə də çətin deyil. Dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın rahat yaşamasında Daxili Qoşunların əvəzsiz xidməti var",- deyə Qadınlar Şurasının sədri fikirlərinə əlavə edib.
Qeyd edək ki, tədbir konsert proqramı ilə davam edib. İncəsənət xadimlərinin ifası tədbirdə alqışlarla qarşılanıb.