Sumqayıt STP-ə 400 mln. ABŞ dolları həcmində investisiya yatırılacaq AÇIQLAMA

21 May 2013 15:50 (UTC+04:00)

"Sumqayıt Texnoloji Parkına (STP) yaxın 3 il ərzində 400 mln. ABŞ dolları həcmində investisiya yatırılacaq". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunda iki yeni qurğu, susoyutma kompleksi və azot - oksigen qurğusunun istifadəyə verilməsi mərasimində iştirakı zamanı deyib.

ARDNŞ rəhbərinin sözlərinə görə, parkdakı müəssisələrdə 7-10 min yeni iş yerləri açılacaq ki, bu da həmin regionun işsizlik probleminin həllinə dəstək olacaq, Hazırda İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə parka özəl müəssisələrin cəlb edilməsi ilə bağlı işlər aparılır və yaxın zamanlarda təkliflərin qəbuluna başlanılacaq.

R.Abdullayev deyib ki, STP-də istehsal olunacaq etilen-propilen və etilen-polietilen məhsulları həm ölkənin daxili tələbatını ödəyəcək, həm də ixraca yönəldiləcək.