Misirdə Azərbaycanın siyasi, iqtisadi uğurları barədə danışılıb

19 May 2013 07:45 (UTC+04:00)

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Misirə səfəri çərçivəsində bu ölkənin aparıcı kütləvi informasiya vasitələri olan Yaxın Şərq İnformasiya Agentliyi, "Əl-Əhram", "Youm7", "Dustur", "Təhrir" qəzetləri və "Əl-Əhram Əl-Ərəbi" jurnalının nümayəndələri ilə görüşmüş və brifinq keçirmişdir.

E.Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının mövqeyi, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət nəticəsində regionda özünü təcrid vəziyyətinə salması haqqında danışmış, beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətində səylərini artırmasının vacibliyini vurğulamışdır.

Azərbaycanın siyasi, iqtisadi uğurları barədə danışan E.Abdullayev ölkəmizin regionda və onun hüdudlarından kənarda bir sıra mühüm əməkdaşlıq mexanizmlərinin təşəbbüskarı və aparıcı qüvvəsi olduğunu, regional enerji və nəqliyyat dəhlizinin mərkəzinə çevrildiyini qeyd etmiş, bu xüsusda 2013-cü ildə işə düşəcək Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın İslam dünyası ilə tarixi əlaqələrindən bəhs edən E.Abdullayev ölkəmizin ərəb dünyasının ən ağrılı problemi olan Fələstin məsələsində qətiyyətli mövqe nümayiş etdirdiyini vurğulamış, gələn ay İslam Əməkdaşlıq Təşkilatı ilə birlikdə Bakıda donor konfransın keçiriləcəyini bunun bariz nümunəsi adlandırmışdır.

E.Abdullayev Azərbaycan ilə Misir arasında əlaqələr, ölkəmizin regionda və Misirdə gedən proseslərlə bağlı mövqeyi, eləcə də qonşu dövlətlərlə münasibətləri mövzusunda sualları cavablandırmışdır.