YAP Nizami rayon təşkilatının VIII konfransı keçirilib

18 May 2013 15:06 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva,YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP-ın Siyasi Şurasının üzvü Tahir Budaqov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İlk olaraq konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra konfransa sədr və katibi seçilərək iclasın gündəliyi elan olunub.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva ilk olaraq ötən müddət ərzində rayon təşkilatının gördüyü işlərlə bağlı məlumat verib: "YAP Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına BNEZ-in akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 137 ərazi ilk partiya təşkilatında 10084 nəfər birləşib. Rayon təşkilatının sıralarında 3 millət vəkili, 20 bələdiyyə üzvü, 64 elmlər namizədi, 14 elmlər doktoru və dosent yer alıb. Üzvlərimizin 55 faizindən çoxunu gənclər təşkil edir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımız isə 4900 nəfərdən artıqdır. YAP Nizami rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an olsun dayandırmayıb. Rayon təşkilatı gənclərə xüsusi diqqətlə yanaşaraq, onların siyasi maarifləndirilməsini həyata keçirmək üçün "Heydər Əliyev irsini öyrənirik" adlı Heydər Əliyev Məktəbini təsis edib. Həmçinin, gənclərin intellektual və kreativ qüvvə kimi yetişməsi üçün rayon təşkilatının nəzdində Heydər Əliyev adına Kitabxana və sosial media mərkəzi istifadəyə verilib. YAP Nizami rayon təşkilatı sosial tədbirlərilə də aktiv işlər həyata keçirir. Təşkilatımız mütəmadi olaraq, sərhədlərimizi müdafiə edən əsgərlərlə görüşlərə gedir. Həmin görüşlərdə partiya fəalları ilə yanaşı, rayonumuzun ağsaqqalları, şəhid və Qarabağ müharibəsi ailələrinin nümayəndələri iştirak edib. Bu cür görüşlərlə əsgərlərimizə mənəvi dəstək verilir, onların maddi ehtiyacları qarşılanır. Eyni zamanda, təşkilat rayonumuzun sosial diqqətə və qayğıya ehtiyacı olan insanları da yaddan çıxarmır. Hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır və onların həlli üçün maksimum səy göstərilir. Təşkilat üzvləri dəfələrlə əlillər, uşaqlar, ahıllar evlərini ziyarət edib, onlar üçün hədiyyələr aparıblar. Həmçinin, bütün bayramlarda rayon sakinlərinə sovqatlar verilir, Ramazan ayında iftar süfrələri açılır və dövlətimizin əsas siyasi-sosial prioriteti olan sosial bərabərlik prinsipi reallaşdırılır. Hətta Azərbaycanın tolerant mənzərəsinin ifadəsi də rayon təşkilatının fəaliyyətində öz əksinin tapıb. Yəni, YAP Nizami rayon təşkilatı etnik və dini fərqliliyə yol vermədən digər xalqların da bayramlarını onlarla birgə qeyd edir. Məlumat üçün bildirim ki, ötən günlərdə Pasxa bayramı münasibətilə 230 nəfərdən artıq rus icmasının nümayəndəsilə birgə partiyamızın qərargahında bayram tədbiri keçirilib. Son müddət ərzində YAP Nizami rayon təşkilatının bütün fəaliyyəti rayon sakinlərinin iştirakına inteqrasiya edilib. YAP Nizami rayon təşkilatı bütün tarixi günlərin qeyd olunması məqsədilə də silsilə tədbirlər keçirir. Onların içərisində daha kütləviliyilə seçiləni Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilən tədbirlərdir. Qarşıdan prezident seçkiləri gəlir. Bununla bağlı artıq rayon təşkilatı bir çox işləri həyata keçirib. Seçici siyahıları hazırlanıb, partiya fəalları mobilizasiya edilib, müşahidəçilər, məşvərətçilər, imza toplayacaq şəxslər müəyyənləşdirilib. Həmçinin, İcra Katibliyinin tapşırıq və tövsiyələri əsasında rayon təşkilatının seçki strategiyası da hazırlanıb və plana uyğun şəkildə işlər həyata keçirilir. Sonda qarşıdan gələn prezident seçkilərilə əlaqədar olaraq, hər birinizi daha da fəal olmağa və Heydər Əliyev siyasətinin davamlı, əbədi olması yönündə fəaliyyətinizi genişləndirməyə səsləyirəm".

Daha sonra çıxış edən millət vəkili Musa Quliyev bildirib ki, YAP müxalifət partiyası olaraq yaransa da, yarandığı gündən xalqın qəlbinə yol tapıb: "Yarandığı gündən YAP xalqın və dövlətin xilas olması məsuliyyətini öz üzərinə götürdü. Həmin məsuliyyət partiyamızın yaranmasından ötən 21 il müddətində partiya rəhbərliyi və fəallarının diqqətindən kənar qalmayıb".

Çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP-ın Siyasi Şurasının üzvü Tahir Budaqov isə partiyanın yeritdiyi gənclər siyasətinin əhəmiyyətindən danışıb.

Tədbir 220 saylı məktəbin direktoru Almaz Ələsgərova və rayon təşkilatının BNEZ ərazi ilk partiya təşkilatının sədri Samir Əhmədovun çıxışları ilə davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib.