Neft payıza qədər ucuzlaşsa, ciddi problemlər yarana bilər

13 May 2013 13:52 (UTC+04:00)

Ötən həftədən başlayaraq dünya bazarlarında neftin kəskin ucuzlaşması müşahidə olunur. Bir sıra xarici iqtisadçı ekpertlər bu durumun davamlı olduğu təqdirdə dünya bazarı üçün təhlükəli olacağı proqnozlarını verir. İqtisadçı ekspert Azər Mehdiyev SİA-ya verdiyi açıqlamasında bildirib ki, əvvəlki dövrlərlə müqayisədə son zamanlar dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasını təhlükəli hesab etmək olmaz: "Ucuzlaşmanın əsas səbəbi Yaxın Şərqdə gedən hərbi siyasi münaqişə ilə bağlıdır. Digər tərəfdən dünyanın ən böyük neft istehsalçısı və istehlakçısı olan ABŞ neftə olan təlabatını açıqlamadığı üçün bu da qiymətə təsir göstərən amildir. Digər bir səbəb isə Avropa iqtisadiyyatında yaranan durğunluqla bağlı qara qızılın dəyərinin düşməsidir. Yəni Avropa ölkələri neft istehlakanın həcmini azaldıb".

Azər Mehdiyev həmçinin əlavə edib ki, dünyanın əsas neft istehlakçıları Çin və Hindistan mövsümlə bağlı neftin idxalını azaldıb.

Mövcud prosesin Azərbaycana təsirinə gəldikdə isə iqtisadçı ekpert bildirib ki, hazırki ucuzlaşmanın ölkəmizə ciddi təsiri yoxdur. Əgər bu payız aylarına qədər davam etsə, o zaman neftdən büdcəmizə və Dövlət Neft Fonduna gələn gəlirdə azalma müşahidə oluna bilər. Bu səbəbdən Azərbaycan hökuməti alternativ tədbirlər həyata keçirməlidir.