Heydər Əliyev parkında möhtəşəm gül bayramı YENİLƏNİB

10 May 2013 18:13 (UTC+04:00)

Bu gün 10 May Azərbaycanda Gül Bayramı kimi qeyd olunur. Görkəmli siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilən bayramda minlərlə gül sərgilənib. bayram münasibətilə Heydər Əliyev adına Sarayın qarşısında möhtəşəm gül sərgisi nümayiş etdirilib. Heydər Əliyev adına parkda sərgilənən güllər Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə müxtəlif ölkələrdən gətirilib. Dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilən kompozisiyalardan ibarət gül sərgisində yüzlərlə növ güldən istifadə edilib.

İlk olaraq prezident Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev parkında gül bayramı ilə bağlı yaradılan şəraitlə yaxından tanış olublar. Daha sonra Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üstündəki istirahət park kompleksinin açılışı olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısının diqqətinə çatdırıb ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. Bildirilib ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.

"Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür. Bu xoş gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 2001-ci ildən gül bayramını keçirməyimizə baxmayaraq, bu il də onun möhtəşəmliyi göz qabağındadır. Gül bayramı ilə bağlı yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev və ailə üzvləri də bu gözəlliyi xüsusi qeyd etdilər". SİA-nın məlumatına görə, bu fikirləri Gül bayramında iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, bayramla əlaqədar dünyanın müxtəlif ölkələrindən Azərbaycana güllər gətirilib: "Keçən ilin sentyabrında bu dizayn təsdiq olunub. Bu dizayna uyğun olaraq dünyanın müxtəlif ölkələrindən güllər sifariş vermişik. Bu gün də gül bayramı yüksək səviyyədə qeyd edilir. Əsas məqsədimiz odur ki, xalqımız sevinsin".

"Builki bayramda Heydər Əliyev adına Sarayın qarşısında Ulu Öndər Heydər Əliyevin Naxçıvanın simvolu sayılan Haça dağının zirvəsində güllərlə portreti hazırlanıb. İstərdim ki, bütün Azərbaycan xalqı gülə qərq olsun. Əminəm ki, bir gün gələcək və hər kəs Azərbaycan xalqı ilə fəxr edəcək. Deyəcəklər ki, dünyanın bir diyarı var, o da Azərbaycandır! Orada yalnız mələklər yaşayır... Arzum odur ki, tezliklə prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dilbər guşəsi sayılan Dağlıq Qarabağda da belə bir gül bayramı təşkil edək",- deyə icra başçısı fikirlərinə əlavə edib.

H. Abutalıbov onu da qeyd edib ki, builki gül bayramında İtaliya, Fransa, Türkiyə, Çin, Hollandiya, Almaniyadan gətirilən möhtəşəm güllərdən istifadə olunub. Eyni zamanda sərgidə böyük yük təyyarəsi ilə Azərbaycana gətirilən Braziliya güllərinə də yer verilib.

Parka gələn şəhər sakinləri gül bayramı üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər. Gül bayramına tamaşa edən şəhər sakinlərinin də fikirləri olduqca maraqlı idi.

Şəhər sakini Aqif Həsənov: "Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı təşkil olunan gül bayramı insana zövq verir. Kədərləndirici haldır ki, bu gün Heydər Əliyev dünyada yoxdur. Ancaq buna baxmayaraq, Heydər Əliyev hər zaman qəlbimizdədir. Bayramı təşkil edən hər kəsə təşəkkürümüzü bildiririk. Hər şey bizim rahatçılığımız üçün nəzərdə tutulur".

Şəhər sakini Könül Bədəlova: "Parkda hər şey çox gözəldir. Mənzərəyə gəlincə isə insanın gözünü oxşayır".

Şəhər sakini Fərqanə Ocaqova: "Gül bayramı çox yüksək səviyyədə təşkil olunub. Qızlarım da bugünkü tədbirdə gül obrazında iştirak edirdilər. Hər şey xoşumuza gəldi. Bir daha bütün Azərbaycan xalqını hər iki bayram münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, bu gün axşam saat 21:00-da isə Gül Bayramı münasibətilə Milli Parkda bayram konserti təşkil ediləcək. Konsertin sonunda isə hər il olduğu kimi, bu il də atəşfəşanlıq keçiriləcək.