Son günlərdə Azərbaycan hakimiyyətinə qarşı artan təhdidlərin sayı hesabı bitib tükənmək bilmir. Bəs görəsən bu kimi təhdid və böhtan dolu ajiatajların arxasında hansı planlar yatır?
İlk öncə Azərbaycandakı azlıqlar ilə bağlı iddiaların baş qaldırması, etnik çatışmalara rəvac verməyə təşəbbüslər, daha sonra Xocalı hava limanının işə salına biləcəyi ilə bağlı Ermənistan və ona havadar olan qüvvələrin bu məsələ ətrafında başlatmış olduqları kompaniya, "Milyaderlər İttifaqı", işğalçı Ermənistana göstərilən hərbi yardımlar, ABŞ-ın Milli Demokratiya İnstitutu tərəfindən ölkəmizdə "rəngli inqilablara" edilən cəhdlər, Quba hadisələri fonunda Azərbaycan bölgələrində təxribat xarakterli əməllərə rəvac verməklə ölkə daxilində sabitliyin pozulmasına yönəli bir sıra addımlar, ard-arda müəammalı şəkildə baş verən əsgər ölümləri, BMT-də Azərbaycan üzrə ikinci Ümumi Dövri İcmalın dinlənməsi zamanı Avstriya, Belcika, Almaniya və Avstraliya kimi ölkələrin Azərbaycana qarşı qərəzli mövqe sərgiləmələri, qonşu İranda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalidin aprelin 30-da gecə saatlarında Təbrizdə həbs edilərək, sonradan ona xəfiyə damğasının vurulması və başqa bu kimi faktlar əslində Azərbaycan hakimiyyətinə qarşı artan təhdidlərdən xəbər verməkdədir.
Maraqlıdır ki, artıq bir neçə nəhəng beynəlxalq media qurumları da Azərbaycan hakimiyyəti barədə kompromatlar hazırlamaq üçün dəridən qabıqdan çəxmaq üzrədirlər.
Millət vəkili Z.Oruc hesab edir ki, son illərdə Azərbaycan hakimiyyəti yalnız daxili siyasi mübarizəylə deyil, həm də beynəlxalq arenada geniş təbliğat kampaniyası apararaq ölkəyə qarşı sistemli hücumlara duruş gətirə bilib: "İndi bəzi beynəlxalq qurumlar sanki Azərbaycan haqqında qondarma informasiya kortatekaları hazırlamaqla məşğuldurlar. Və sonra bunları özlərinə lazım olan məqamlarda ortaya çıxarmağa çalışırlar. Məsələn, "Kojeni qalmaqalı"nda Azərbaycanın nə günahı vardır?.. Kojeni özü çirkli və qaranlıq simadır. Bu adam 100 ən məşhur avantüristin siyahısına düşüb..."
Z.Orucun fikrincə, adətən seçki ilində beynəlxalq güclər Azərbaycanın üzərində müxtəlif əməliyyatlar aparmağa çalışırlar. Bu əməliyyatların əsas hədəfləri Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq deyil. Çünki, beynəlxalq güclərə Azərbaycanda prezident İlham Əliyevin hakimiyyətinin dəyişdirilməsi sərfəli deyil. Hansısa siyasi qüvvənin prezident İlham Əliyevin hakimiyyətinə alternativ olması da qeyri-mümkündür. "Beynəlxalq güclər də anlayırlar ki, bu alternativ yalnız xaos, qarşıdurma ola bilər. Ona görə də supergüclərin əsas məqsədi seçki ilindən istifadə etməklə Azərbaycandan öz maraqlarına uyğun müxtəlif güzəştlər qoparmaqdır. Ancaq Azərbaycan hakimiyyəti ölkənin təbii resurslarını heç kimlə bazarlıq predmetinə çevirməyəcək".
Maraqlıdır ki, bir çox analitiklərin fikrincə Azərbaycan hakimiyyətinə qarşı artan bu kimi təzyiqlərin fonunda eyni zamanda Azərbaycanın hər an müharibəyə əl ata biləcəyi faktı da dayanır. Təsadüfi deyildir ki, şimal istiqamətindən gələn bütün təhdidlərin arxa fonunda məhz bu amil özünü daha çox qabarıq göstərməkdədir. Bu amilin birinci sırada dayanması son
günlərdə Rusiya hakimiyyətinə yaxın ekspertlərin ard-arda vermiş olduğu açıqlamalardan da bəlli olur.
Analitiklərin fikirlərinə görə Azərbaycan hakimiyyəti tərəfindən açıqlanan son açıqlamalar və bu sahədə atmış olduğu addımlar da müharibənin başlana bilmə ehtimalının daha yüksək səviyyədə saxlayır. Belə ki, Azərbaycan hakimiyyəti 21 ildən artıq bir müddətdir ki, işğalçı Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. Ancaq problem ilə bağlı hər hansı bir irəliləyişin əldə olunmaması, rəsmi Bakını bu gün daha çox narahat edir. Və bu səbdəndir ki, ölkə rəsmiləri tərəfindən müharibə çağırışları da getdikcə daha çox artmaqdadır.
Təsadüfi deyildir ki, Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-ekspert Vladimir Yevseyevin APA-nın Moskva müxbirinə müsahibəsi zamanı: "Dağlıq Qarabağda müharibənin başlanması ehtimalı nə qədər yüksəkdir?" sualına vermiş olduğu cavab: "Dağlıq Qarabağda yeni müharibənin başlanması ehtimalı son dərəcə yüksəkdir. Bu il ərzində konflikti kritik vəziyyətə gətirəcək hadisələrin olması mümkündür. 2013-cü il ərzində konfliktin düyünü açılmasa, müharibə qaçılmaz olacaq" formasındakı ifadəsi də əslində vəziyyətin heç də ürəkaçan olmadığını göstərməkdədir.
Maraqlıdır ki, Rusiya tərəfdən artan təzyiqlərdə müharibənin başlanmamsına xidmət edən bir çox məqamlar, məlum Gürcüstan-Rusiya arasında gedən 5 günlük müharibədən sonra daha aşikar şəkildə özünü gəstrmişdi. Təsadüfü deyildir ki, Rusiya-Gürcüstan müharibəsinin üçüncü ildönümü ərəfəsində Rusiya prezidenti Dmitri Medvedev "Russia today" telekanalı, "Exo Moskvı" radiostansiyası və Gürcüstanın "PİK" televiziyasına müsahibə verərkən Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş və o, orada açıq-aşkar bildirmişdir ki, "Gürcüstan müharibəsi Azərbaycan və Ermənistana dərs oldu... Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan beş günlük müharibədən sonra Soçiyə gəlmişdilər. Mən onlara dedim ki, 5 günlük müharibədənsə, Qarabağın taleyinin necə olacağı, orada referendumun keçirilib-keçirilməyəcəyi, sülh sazişinin necə olacağı haqda sonsuz şəkildə danışıqlar aparmaq daha yaxşıdır...." Maraqlıdır ki, özü də bu sözlər avqustun 9-da Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedevlə görüşmək üçün Soçiyə gedəcəyi bir ərəfədə söylənmişdir.
İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının roluna dair təşkil olunan konfrans zamanı, bu blokun katibi Nikolay Bordyuja tərəfindən "Qarabağda münaqişə başlasa Rusiya dayanıb baxmayacaq, biz Ermənistan qarşısındakı öhdəliklərimizə sadiqik" formasındakı bəyanatı da əslində Rusiyanın Azərbaycana müharibəni başlatmamaq üçün cidi şəkildə göstərmiş olduğu təzyiqlərdən xəbər verir.
Əsgər ölümlərinə toxunan bəzi yerli analitiklərin fikrincə son dövrlərdə hərbi hissələrdə baş verən əsgər ölümlərinin arxa planında da əslində bu kimi məqamlar dayanmaqdadır. Təsadüfi deyildir ki, regionda baş verən proseslər fonunda hərbi hissələrdə qulluq edən zabit və əsgərlərə qarşı törədilməkdə olan təxribatların arxasında əslində xarici qüvvələrin olması daha çox diqqət çəkir. Belə ki, bu hərbi hissələrdə qulluq edən əsgərlər Azərbaycanın müxtəlif bölgələrindən hərbi qulluga çagrılırlar və bu bölgələrdən gələn əsgərlərin ölüm xəbərlərinin gəlməsi də bilavasitə həmin bölgələrdəki vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımlardır. Bu eyni zamanda ordu və hazırki hakimiyyət ilə xalq arasında müəyyən bir uçurumun formalaşdırılmasına da xidmət göstərir.
Hadisələrin bu aurada cərəyan etməsi, təbii olaraq ölkə gündəmini daha çox narahat etməkdədir.
Son günlərdə qonşu İran tərəfindən sərgilənən son hadisələr də ölkə ictimayyəti tərəfindən o qədər də xoş qarşılanmamışdır. Çox təssüf ki, bu kimi hallar tərəflər arasındakı münasibətlərin müsbər aurada deyil də, tam tərsi olaraq mənfi aurada inkişaf etməsinə səbəb olur. Ekspertlərin fikrincə əslində rəsmi Tehranın bu kimi addımlarının arxasında Azərbaycan-İsrail münasibətlərinin inkişafına olan qısqanclıq, Azərbaycanın getdikcə regionda daha aktiv rol alması və güclənməsi dayanır. Belə ki, İran dövləti Azərbaycan dövlətinin varlığından hər zaman narahat olub və bu gün də narahatdır. İran ehtiyat edir ki, Azərbaycan gücləndikcə onun hərbi potensialı da artacaq və belə bir zamanda, artıq o öz problemlərini özü həll etməyə başlayacaq. Bu zaman isə Azərbaycan bir dövlət olaraq daha çox iddia ilə çıxış edəcək ki, bu da İranın maraqlarına tamamilə zidd olacaq.
Digər tərəfdən İran rəhbərliyi yaxşı bilir ki, Azərbaycan demokratik bir dövlətdir, burada tolerantlıq hökm sürür, insanlar azad yaşayır. Kim nəyi istəyir geyinir, kim nəyi istəyir danışır. Bir sözlə söz azadlığı var. Digər tərəfdən Azərbaycan öz ərzisində yaşayan bütün azlıqlara da hörmətlə yanaşır. Ancaq, İranda isə bu deyilənlərin heç biri yoxdur. İran dövləti nəinki ölkəsində yaşayan azlıqlara, heç 30 milyondan artıq bir çoxluğa da öz ana dilində danışmağa imkan vermir, İslam dinindən isə insanalara qarşı bir zorakılıq vasitəsi kimi istifadə edir.
SİA