Platin Qələm Mükafatının təqdimetmə mərasimi keçirilib

9 May 2013 10:38 (UTC+04:00)

Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupuna daxil olan VMF şirkətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Azərbaycanlıyam!" məhdud saylı Platin Qələm Mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasim Şuşanın işğalının ildönümünün və Şuşada həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşları – şəxsi mühafizəsinin sabiq rəisi Aleksandr İvanov, millət vəkilləri Fəttah Heydərov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, Prezidentin Təhlükəsizlik İdarəsinin rəisi Bəylər Əyyubov və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov üzərində Ulu öndərin şəkli həkk olunmuş "Caran d’Ache" şirkəti tərəfindən istehsal olunan platin qələm mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, məhdud sayda "Heydər Əliyev" platin qələm seriyası bir insanın böyük bölgənin ümumi mənzərəsini dəyişməsi ilə nəticələnmiş fəaliyyətinə hörmətdir: "Ümummilli lider Heydər Əliyevin daha çox heykəltaraşlıq təsvirinə portreti və "Mən fəxr edirəm ki, Azərbaycalıyam" məşhur ifadəsi məhz bu məqsədlə qələmin üzərinə yüksəsk sənətkarlıq və zövqlə əks etdirilib".

Mükafatlar ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tərəfindən təqdim edilib.

Mükafata layiq görülən Aleksandr İvanov , Eldar İbrahimov və Fəttah Heydərov çıxış edərək Ulu öndər Heydər Əliyev haqqında xatirələrini mərasim iştirakçılarına çatdırıblar.

Qeyd edək ki, tanınmış "Caran d`Ache" şirkətinin məhsulu olan platin qələm mükafatınına ilk olaraq 23 nəfər layiq görülüb.

Mükafata Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri Neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova layiq görülüb.