Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi açılıb

3 May 2013 22:00 (UTC+04:00)

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

Mərkəzlə tanış olan dövlətimizin başçısına Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, burada ilk dəfə ölkədə tətbiq olunan elektron ərizə doldurma aparatı yerləşdirilib. Mərkəzə müraciət edən vətəndaş elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər. "ASAN xidmət" mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz internetə daim açıq olan kompyuterlərlə təchiz edilib və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb. "ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.

Qeyd edildi ki, binada əlillər üçün də bütün zəruri şərait yaradılıb. Binanın girişində onlar üçün xüsusi lift quraşdırılıb. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulub və lövhələr onların oxuya biləcəkləri müvafiq hərflərlə hazırlanıb.

Mərkəzdə, həmçinin vətəndaşların qəbulunun elektron növbə əsasında həyata keçirilməsi üçün ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün 30 gənc seçilmiş və onlar təlimlərə cəlb olunublar.

Dövlətimizin başçısı könüllülərlə görüşdü.

Sonra Azərbaycan Prezidentinə məlumat verildi ki, mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərinin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq. Mərkəzin "Çağrı" xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən rüsum tablosu da quraşdırılıb. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçiriləcək. Bundan əlavə, mərkəzdə vətəndaşlara 22 növ funksional yardımçı xidmət göstəriləcək. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət prosesi fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaq. Xidmət prosesi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilib. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elan tabloları qurulub. Xidmətin "asan.gov.az" internet saytı vasitəsilə vətəndaşlar üçün "online" növbəyə yazılma, elektron ərizələr doldurma, sənədlərin müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb. "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

Prezident İlham Əliyevə mərkəzin səyyar avtobusları ilə bağlı məlumat verildi.

Vurğulandı ki, "ASAN xidmət"in avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların və şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi əksini tapıb. Bölgələrdə səyyar fəaliyyət göstərmək üçün "ASAN xidmət"in şəxsi heyəti və hərəkət vasitələri şimal və cənub qruplarına bölünəcək. Səyyar qrupların hər biri şəhər və rayonlarda 15 gündən bir ayadək vətəndaşlara xidmət göstərəcək. Qrup müvafiq şəhər və rayona daxil olarkən xidmətlərin həyata keçirilməsi üçün iki iş günü ərzində nəzərdə tutulmuş xüsusi məkanlarda yerləşdiriləcək.

Dövlətimizin başçısı səyyar xidmət avtobusu ilə tanış oldu.

Qeyd edildi ki, agentliyin xüsusi sifarişi əsasında Türkiyədə yığılan "Mercedes" markalı avtobus keyfiyyətli xidmətin göstərilməsi üçün yüksək zövqlə və bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə hazırlanıb. İş prosesində sərf olunacaq elektrik enerjisini avtobusun üzərində quraşdırılan günəş panelləri təmin edəcək. Avtobusun üzərində quraşdırılmış böyük monitorda rüsumlar, növbələr, müxtəlif görüntülər, xidmətlər barədə məlumatlar nümayiş etdiriləcək. Avtobusda "ASAN xidmət"in 11 əməkdaşının eyni vaxtda vətəndaşlara xidmət göstərməsi üçün hər cür şərait yaradılıb. Həmçinin vətəndaşların yağışlı və ya günəşli havada növbə tutmaları üçün avtobusda rahat çadır da var. Avtobusun qoşqusunda isə "ASAN xidmət" əməkdaşlarının istirahəti və qidalanmaları üçün yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev mərkəzin həyətində İnnovasiyalar Mərkəzinin yeni texnologiyaları ilə tanış oldu.

Azərbaycan Prezidenti İlham Əliyevə innovasiyalı mərkəzləşdirilmiş parklanma sistemi barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, bu sistemin əsas məqsədi avtomatlaşdırılmış park sistemini tətbiq etməkdir. Bu sistemdən ABŞ və bəzi Avropa ölkələrində artıq istifadə olunur.

Sonda xatirə şəkli çəkdirdi.