ATƏT PA nümayəndəsinin Bakı və İrəvan müzakirələri

2 May 2013 16:17 (UTC+04:00)

Xəbər verildiyi kimi ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin gələn həftə Cənubi Qafqaz ölkələrinə səfəri gözlənilir. Səfər əsnasında onun Azərbaycan, Gürcüstan və Ermənistanda görüşlər keçirəcəyi və burada həlli uzadılmış münaqişələr ilə bağlı müzakirələr aparacağı bildirilir. ATƏT PA-nın mətbuat xidmətinin yaymış olduğu məlumata görə, Joao Suareşin səfəri mayın 5-7-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənisana səfər edəcək.

Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlər zamanı xüsusi nümayəndənin Dağlıq Qarabağ münaqişəsi və prezident seçkiləri ilə bağlı müzakirələr aparacağı bildirilir. "Həlli uzadılmış münaqişələr daha aktual problemlərdir, çünki onlar bütün regionun inkişafına mane olurlar. Biz ATƏT Parlament Assambleyasında münaqişələr mövzusunu daha geniş şəkildə müzakirə etməliyik. Ümidvaram ki, regiona səfərin belə müzakirələrin keçirilməsinə imkan verəcək", - deyə J. Suareş bildirib.

Politoloqların fikrincə J. Suareş bu səfəri, tərəflər arasında artmaqda olan gərginliyin yumşaldılmasına və faktiki olaraq aparılması mümkün olmayan danışıqların yenidən aktivləşdirilməsinə hesablanıb. Belə ki hazırda məslənin həlli ilə bağlı hər hansı bir danışıqlar aparılmır. Tərəflərin bir araya gəlməsi üçün isə göstərilən bütün cəhdlər uğursuz alınır. Belə bir vəziyyətdə isə cəbhə xəttində baş verən hər hansı bir insidentin real müharibə vəziyyətinə transformasiya olunması olduqca aktualdır. Təsadüfi deyildir ki, cənab Suareşin özü də həlli uzadılmış müaqişələr mövzusuna toxunarkən bu qəbildən olan mövzuların daha aktual olduğunu xüsusi olara diqqətə çatdırmışdır.

O da çox yəqindir ki, bu səfər zamanı cənab Süareş məsələni sülh yolu ilə həlli istiqamətində hər hansı bir addımın atılması zəruriliyini xüsusi olaraq vurğulamağa çalışacaq və tərəflər arasında müahribəyə gətirib çıxaracaq insidentlərə yol verməmək üçün tərəflərin hər birinə ayrı-ayrılıqda çağırış edəcək.

Xatırladaq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların ölü nöqtəyə gəlməsinin əsl səbəbi, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirərək, Madrid prinsiplərinin, hər üç həmsədr ölkə tərəfindən işlənmiş variantını qəbul etməməsi ilə bağlı olmuşdur. Qeyd edək ki, Madrid prinsiplərinin yenilənmiş və hər üç həmsədr ölkə tərəfindən işlənmiş variantı 2011-ci ildə tərəflərə təqdim olunub. Ancaq rəsmi İrəvan bu variantı qəbul etməyib. Ardınca Rusiya təkliflərə öz düzəlişlərini edərək onu yenidən tərəflərə təqdim etsə də, bu dəfə Azərbaycan təkliflərin Ermənistanın xeyrinə olduğunu görərək ondan imtina etmişdir.

SİA