Aprelin 29-da Sürix protokolları ilə bağlı məsələ yenidən Ermənistan parlamentinin gündəminə gəlib və qalmaqala səbəb olub. Bu qalmaqalın tərəfləri isə hakim partiyanın nümayəndəsi, Ermənistan parlamentinin spikeri Ovik Abramyan ilə "Daşnaksütyun" partiyasının təmsilçiləri, deputat Arsvik Minasyan və Aqvan Vardanyan olub.
Tərəflər arasında yaranan mübahisə isə Sürix protokollarına olan münasibət ilə bağlı olub. Belə ki, parlamentin iclasında çıxış edən spiker, Ovik Abramyan Sürix sənədlərinin gündəlikdən çıxarılmasının mümkünlüyü ilə bağlı "İrs" partiyasından olan deputatın sualını cavablandırarkən: "Bu sənədin "genosid" məsələsinə və ölkədə gedən proseslərə heç bir dəxli yoxdur. Biz 2009-cu ildə bu protokolları hər hansı ön şərt olmadan imzaladıq. Bu, ən doğru olan addım idi və düşünürəm ki, razılaşmanın həyata keçirilməsi Ermənistana öz iqtisadiyyatını inkişaf etdirmək üçün böyük imkanlar verə bilər" şəklində öz fikrini ifadə etməsi, "Daşnaksütyun" partiyasından olan deputat Arsvik Minasyanın və Aqvan Vardanyanın ciddi narazılığı ilə qarşılanıb. Minasyan bildirib ki, əslində hakim partiya nümayəndəsi tərəfində belə bir fikrin gündəmə gətirilməsi Ermənistanın xarici siyasəti ilə daban-dabana ziddiyət təşkil edir və bu məsələdə hər hansı bir cüzəştə getmək Ermənistanın dövlətçiliyinə və dövlətçilik ənənələrinə zərbə vurmaq deməkdir.
"Biz hökumətə protokolların ratifikasiya olunacağı təqdirdə, ölkəmizə konkret olaraq hansı iqtisadi qazanclarının olacağı ilə bağlı sorğu göndərmişik. Ancaq, təssüflər olsun ki, bu sorğuya indiyədək də cavab yoxdur": deyə sözlərinə davam edən Minasyan, hakim partiya nümayəndəsi tərəfindən belə bir fikirlərin səsləndirilməsinin yolverilməz olduğunu bildirib.
Sürix protokalları nədən gündəmdə?
Göründüyü kimi Sürix protokolları ilə bağlı məsələ hazırki Ermənistan hakimiyyətini təmsil edən Ovik Abramyan tərəfindən gündəmə gətirilmişdir. "Protokolların ratifikasiya edilməsi Ermənistanın iqtisadiyyatı üçün böyük stimul olardı" ifadəsi də məhz Ovik Abramyan tərəfindən səsləndirmişdir.
Bəs görəsən bu fikrin səsləndirilməsinə səbəb verən amil nədir? Ermənistan Parlamentində Sürix protokollarının ratifikasiya edilməsini həqiqətəndəmi istəyirlər?
Son günlərdə Ermənistanın maliyyə nazirinin müavini, baş xəzinədar Atom Cancuqazyan tərəfindən ölkənin borcları ilə bağlı açıqlamalar verməsi və bunun Ermənistan KİV-lərində açıq şəkildə yayımlanması, hazırki hakimiyyətin yürütmüş olduğu daxili və xarici siyasətin heç də qənaətbəxş olmadığı faktını ortaya qoymaqdadır. Verilən bilgilərə görə hazırda Ermənistanın dövlət borcu 4,205 milyard dollar təşkil edir. Dövlət borcunun ümumi həcmindən hökumətin borcu 3,660 milyard, Mərkəzi Bankın borcu isə 546 milyon dollardır. Ölkənin xarici borcu 3,051 milyard, daxili borcu isə 609 milyon dollardır.
Açıqlamada o da göstərilir ki, 2013-cü ilin proqnozlarına görə, ilin sonuna Ermənistanın ümumi borcu 4,394 milyard dollar və ya ÜDM-in 42,9 faizi həcmində, daxili borcu 667 milyon dollar (ÜDM-in 6,5 faizi), xarici borcu isə 3,203 milyard dollar (ÜDM-in 31,3 faizi) təşkil edəcək.
Statistik rəqəmlərdən də göründüyü kimi hazırki Ermənistan hakimiyyəti tərəfindən yürüdülən siyasət nəticəsində hökumətin düşümüş olduğu bu durum heç də ürəkaçan səviyyədə deyil və vəziyyət belə davam edərsə o zaman Ermənistanı sözün həqiqi mənasında uçurumun dibində görmüş olacağıq.
Bu gün özünün böyük tənəzzül dövrünü yaşamaqda olan Ermənistan getdikcə daha böyük problemlər içərisində boğulmaqdadır. Sosial-iqtisadi, siyasi və digər sahələrdə yaranan və günü-gündən dərinləşməkdə olan problemlərdən yaxın perspektivdə xilas üçün isə hər hansı bir ümid belə görünmür. Ölkənin yaşadığı böhrandan çıxması üçün Serj Sarkisyan iqtidarının konkret plan və proqramlara malik olmaması, hakimiyyət təmsilçilərinin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının davamlı olaraq artması, korrupsiya və rüşvətxorluğun daha dərin kök salması isə onsuz da ağır olan durumu bir qədər də ağırlaşdırır. sayı sürətlə azalmaqda olan ölkə əhalisi isə daha böyük problemlərlə qarşı-qarşıya gəldikləri üçün bu ölkədə yaşamaqdan imtina edərək sürətlə ölkəni tərk edirlər.
Vəziyyətin bu halında isə ölkədə hər hansı iqtisadi inkişafdan söhbət gedə bilməz və bütün bunların məntiqi nəticəsidir ki, ölkədə yerli istehsal və ixracat demək olar ki, yox səviyyəsindədir. Hakimiyyətin kiçik və orta biznesin inkişaf etdirilməsi ilə bağlı bəyanatları isə sadəcə deklarativ xarakter daşıyır.
Bu gün rəsmi statistikaya görə Ermənistanda bütün ölkə üzrə yoxsulluğun səviyyəsi 35 faizə bərabərdir. Bu isə o deməkdir ki, ölkədə 1.2 milyon insan yoxsulluq həddindədir. BVF-nin qiymətləndirmələrinə görə, xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxsaq, yoxsulluq həddi 50 faizdən az olmayacaq.
Artıq iş o yerə çatıb ki, Ermənistanda mövcud ağır iqtisadi durumun sosial gərginliyi daha da gücləndirəcəyi, hətta Serj Sarkisyan iqtidarının vaxtından əvvəl hakimiyyətlə xudahafizləşməsinə yol açacağını düşünənlərin sayı da artır.
Maraqlıdır ki, hazırki ağır iqtisadi vəziyyətin Ermənistanda siyasi böhranın daha da dərinləşməsinə yol açacağından, müxalifətin başladığı etiraz aksiyalarının isə sosial və siyasi hadisələrin daha gərgin məcrada inkişafını stimullaşdıracağından narahat olan böyük dairələr və ölkələr, bu dövləti xilas etmək üçün bir sıra addımlar atmağa çalışırlar. Çünki, əvvəllər mümkün olsa da, dünyada yaşanmış olan qlobal maliyyə böhranı və bu böhranın bu günə kimi davam edən fəsadları da hazırki Ermənistan hökumətinə lazımi yardımın göstərilməsini də mümkünsüz etmişdir.
Belə ki, ABŞ və Rusiyanın, habelə Avropanın bir çox dövlətlərinin iqtisadi tənəzzül yaşadıqları bir dövrdə onların Ermənistana müəyyən maliyyə yardımı göstərə biləcəkləri də absurd kimi görünür. Məhz bunu nəticəsidir ki, istər ABŞ, istərsə də Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Birliyi tərəfindən Ermənistan ilə sərhədlərin açılması və qonşu ölkəyə olan münasibətlərin "normallaşdırması" ilə bağlı rəsmi Türkiyə tərəfinə mütəmadi olaraq müraciətlər və ya basqılar edilir.
Digər tərəfdən Sürix protokolları ilə bağlı məsələnin Ermənistan Parlamentində gündəmə gətirilməsi də Ermənistan hakimiyyətinin çıxılmaz bir durumda olduğunu aşikar bir şəkildə ortaya qoymaqdadır.
Sürix Protokollarının aqibəti...
Bu protokolların gerçəkləşməsi ilə bağlı Ermənistan tərəfindən təşəbbüs göstərilsə belə, bunun aktiv bir fazaya daxil ola biləcəyi o qədər də inandırıcı gəlmir. Belə ki, bu prosesin aktivləşməsi üçün ilk növbədə burada ikinci tərəf kimi çıxış edən Türkiyənin mövqeyi nəzərə alınmalıdır ki, bunun da mümkünləşə biləcəyi yalnız və yalnız Azərbaycanla Ermənistan arasındakı münaqişənin sona çatması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi zamanı ola biləcəyi dəfələrlə Türkiyə rəsmiləri tərəfindən dilə gətirilmişdir.
SİA