Xudat Sərhəd Dəstəsində “Valideyn günü” keçirilib FOTOLAR

27 Aprel 2013 17:46 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən sərhəd zastavasında "Valideyn günü" keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, əvvəlcə zastavada xidmət edən hərbi qulluqçular və valideynlərlə əsgərlərin çay süfrəsi arxasında görüşü keçirilmiş, bundan sonra qonaqlar sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində DSX-nin rəsmiləri, eləcə də Xudat Sərhəd Dəstəsinin rəisi polkovnik Rövşən Səfərov çıxış edərək valideynlərin hərbi hissələrdə olmasını müsbət hal kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, valideynlərlə əsgərlər və hərbi hissə arasında əlaqələrin möhkəmləndirilməsində, kollektivdə sağlam mənəvi mühitin yaradılmasında bu kimi tədbirlərin əhəmiyyəti yüksəkdir.

Valideynlərə Xudat Sərhəd Dəstəsinin tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, 20 il əvvəl Samur körpüsündə sərhəd nəzarəti xidmətinin təşkil edilməsi ilə əsası qoyulmuş hərbi hissə şərəfli inkişaf yolu keçmiş, sərhəd dəstəsinin hərbi qulluqçuları xidmət dövründə böyük əzmkarlıq və iradə nümayiş etdiriblər.

Tədbirdə DSX-də gedən inkişafı, əldə olunan uğurları əks etdirən fotoslayd nümayiş etdirilib.

Sonra çıxış edənlər ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın sərhəd mühafizəsi bu gün dinamik inkişaf edir, şəxsi heyətin xidmət və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Valideynlər sərhəd zastavasında yaradılmış şəraitdən razı qaldıqlarını bildirmiş, görüşün təşkilatçılarına təşəkkür etmiş, əsgərlərə tövsiyələrini veriblər.

DSX-də hərbi qulluq keçən əsgərlər Vətənin sərhədləri göz bəbəkləri kimi qoruduqlarını, sərhədçi olmaları ilə fəxr etdiklərini bildiriblər.

Sonra fərqlənən hərbi qulluqçulara "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanı, fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə təşəkkür məktubları təqdim edilib.

Qonaqlar zastavanın şəxsi heyəti ilə birgə nahar ediblər.

Tədbir hərbi hissənin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə başa çatıb.