5 il sonra, "Altılıq"da ilk, Avropaya vəsiqə STATİSTİKA

29 Aprel 2013 14:50 (UTC+04:00)

"Qarabağ" klubu Premyer Liqanın final mərhələsinin 6-cı turunda "Qəbələ"nin qonağı olub. Siasport idman portalının məlumatına görə, cari mövsüm çempionluq uğrunda mübarizə aparan Ağdam təmsilçisi şimala tək hədəf ilə yollanıb: 3 xalla ardıcıl 5-ci qalibiyyət.

Bu qələbə bir sıra məqamlar ilə yadda qalıb. "Qarabağ" klubu bu qalibiyyət ilə Qəbələdəki 5 illik qələbəsizlik seriyasına son qoyub. Ağdam təmsilçisi sonuncu dəfə 2008-ci ilk dövrəsində adıçəkilən rayonda baş tutan oyunda qələbə qazana bilib.

"Qarabağ" klubunun bu 3 xalı eyni zamanda ardıcıl 5-ci olmaqla qələbə seriyasını davamı anlamına gəlib. Final mərhələsinin ilk turunda "Simurq"a səfərdə məğlub olan ağdamlılar ardınca qələbə seriyasına başlayıb: "Qəbələ" 1:0, "Neftçi" 2:1, "İnter" 3:2, "Bakı" 1:0, "Qəbələ" 2:0. Bu "altılıq" sistemin tətbiq olunduğu çempionatlarda qeydə alınmış yeganə seriyadı. İndiyə kimi final mərhələsindəki ilk "altılıq"da heç bir klub ardıcıl 5 qələbə qazana bilməyib. "Qarabağ" klubu bu qələbə ilə 2-ci sırada bir qədər möhkəmlənərək liderlə 3 xallıq fərqin böyüməsinə imkan verməyib. Əvəzində 4-cü pillədə qərarlaşmış "Simurq"dan 14 xal uzaqlaşaraq həm ilk üçlükdə yerini təmin edib, həm də avrokuboklara vəsiqəni qazanıb.