"Quduzluq xəstəliyi Şəki, Zaqatala və Qax zonasında..."

29 Aprel 2013 14:22 (UTC+04:00)

"Azərbaycanda quduzluq xəstəliyi daha çox sərhəd zonalarında müşahidə olunur. İşğal altında olan ərazilərdə yanğınlar və digər hadisələr nəticəsində vəhşi heyvanların bizim zonalara miqrasiyası baş verir. Bundan əlavə, quduzluq xəstəliyinə Şəki, Zaqatala və Qax zonasında daha çox müşahidə edilir". SİA-nın məlumatına görə, bu fikirləri Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Sialə Rüstəmova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti vəhşi heyvanlar və sahibsiz itlər üzərində vaksinasiya işlərinin aparılması üçün beynəlxalq təşkilatlara müraciət edib: "Bu vaksinasiya işlərinin aparılması üçün beynəlxalq donor təşkilatların köməyinə ehtiyac duyulur. Hələlik beynəlxalq təşkilatlar cavab verməyib və hansısa vəsait ayrılmayıb. Vəhşi heyvanlar və sahibsiz itlərin vaksinasiyasını tətbiq edə bilsək, bizim gördüyümüz işlər də öz nəticəsini verəcək. Bu günə kimi 247 min sahibli itlər üzərində vaksinasiya işləri aparılıb. Amma sahibsiz itlərdə biz bu işi həyata keçirə bilmirik. Bunun üçün də Dövlət Baytarlıq Xidmətinin beynəlxalq təşkilatların köməyinə ehtiyacı var".