“Azadlıq Radiosu" insanları necə aldadır? ŞOK ARAŞDIRMA

26 Aprel 2013 14:21 (UTC+04:00)

Bir müddət öncə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm kənd sakini 1954-cü il təvəllüdlü Əşrəf Mustafa oğlu Həsənov "Səs" Media Holdinqə zəng edərək "Azadlıq Radiosu"nun müxbiri tərəfindən aldadıldığını, özünün sözləri ilə desək "oyuna" gətirildiyini deyib.

Onun sözlərinə görə, "Azadlıq Radiosu"nun Bakı bürosunun əməkdaşı özünü Yafəz Əkrəmoğlu kimi təqdim edən Yafəz Əkrəm oğlu Həsənov ona xeyli miqdarda pul mükafatı vəd edərək sakini olduğu Nehrəm kəndi haqqında əsassız, həqiqətə uyğun olmayan, yalnız "Azadlıq Radiosu"nun maraqlarını təmin edən məlumatlar ötürməyini istəyib. Hətta Yafəz Əkrəmoğlu Əşrəf Həsənovu əvvəlcədən nə söyləyəcəyi barədə təlimatlandıraraq Bakı şəhərində mətbuat konfransı da təşkil edib.

Hadisə ilə bağlı Səs TV-nin çəkiliş qrupu Naxçıvan Muxtar Respublikası, Babək rayon Nehrəm kəndinə ezam olunub və məsələni yerində araşdırıb.

Əşrəf Həsənovla Nehrəm kəndində baş tutan görüşümüz o, başına gələn əhvalatları təfsilatı ilə bizə danışıb.

Bu, bir oyun idi, mən düşdüm

Ə.Həsənov 2011-ci ildə Yafəz Əkrəmoğlu ilə təsadüfən tanış olub. Tədricən aralarında xoş münasibət quran və Ə. Həsənovun etibarını qazanan Y. Əkrəmoğlu bundan öz məqsədi, daha doğrusu desək "Azadlıq Radiosu"nun məqsədləri üçün istifadə edib. Ə. Həsənovun özü belə deyir: "O mənə kənddə, eləcə də rayonda baş verən hadisələr haqqında mütəmadi olaraq xəbər ötürməyimi istəyirdi. Amma xəbəri özü bildiyi kimi verirdi, radioya verdiyim müsahibələrdən əvvəl də mənə nəyi və necə deyəcəyimi öyrədirdi. Mənə bu düzgün olmayan xəbərlərə görə, problemlərlə üzləşəcəyim təqdirdə, xaricdə yaşamaq imkanı, pul, maşın vəd edirdi. Mən də onun yalan sözlərinə uyub, vəd edilən pulu almaq üçün Bakıya getdim, 3 aya yaxın orada qaldım. Həmin müddətdə onun yanın gedib gəlirdim. Hər dəfəsində də mənə bir yalan uydurub, yola verirdi. Hətta məni mətbuat konfransına dəvət etdi. Orada da məni əvvəlcədən təlimatlandırdı, yəni hər şeyi onun öyrətdiyi kimi çatdırdım. Mənə dedi ki, sənə deyilən kimi hər şeyi söyləsən, daha yaxşı alınar və bir o qədər çox pul veriləcək. Mən də orada çıxış edib, yalandan evimə basqın olunduğunu, hüquq-mühafizə orqanları tərəfindən təzyiq olunduğunu dedim. Amma bunların heç birisi olmamışdır".

Ə.Həsənov başına gələn hadisələrdən Yafəz Əkrəmoğlunu günahlandırıb: "Bunu üçün ona nifrət edirəm, onunla əlaqələrimi kəsmişəm. Mən onun yalanlarını üzə çıxarmaqdan ötrü sizə müraciət etmişəm. İnsanlar daha Yafəs Əkrəmoğlunun yalanlarına uymasın.

İndi evimdə rahat yaşayıram. Buradan da mesaj göndərirəm ki, sadən insanlardan istifadə edən "Azadlıq Radiosu"na, onun Yafəs Əkrəmoğlu kimi əməkdaşlarına yaşadığım kəndin, rayonun sakinləri, gənclər inanmasınlar. Yəni, nəyə isə qara yaxmağa ehtiyac yoxdur, yaxşısı budur gördüklərini olduğu kimi şeyi danışsınlar. Yalandan böhtanda heç kimə müsahibə verməsinlər.

Məni tanıyanlar bilir ki, mənim heç bir problemim olmayıb. Bu, bir oyun idi, mən düşdüm. Mənim ailəmdə övladlarımın hamısı çalışır, özüm təqaüdçüyəm, həm də traktorum var. Onunla da ailəmə çörək pulu qazanıram".

Jurnalist, yoxsa...

"Azadlıq Radiosu"nun əməkdaşı Yafəz Əkrəmoğlu Əşrəf Həsənovun vasitəsilə daha iki kənd sakini Hüseyn Sadiqov, Arif Həsənovdan da öz məqsədləri üçün istifadə ediblər.

Əşrəf Həsənovun sözlərinə görə 2012-ci ildə Nehrəm kənd 1 nömrəli tam orta məktəbi üçün yeni bina inşa edilib. Y. Əkrəmoğlu Ə. Həsənova tapşırıb ki, məktəblə bağlı bir-iki kənd sakinindən münasibət öyrənməsini istəyib və bunun qarşılığında pul da vəd edib. Ə. Həsənov da həmkəndliləri Hüseyn Sadiqov və Arif Həsənovu "Azadlıq Radiosu"na özlərinin dili ilə desək "müsahibə" verməyə razı salıb.

Görüşümüz əsnasında Ə. Həsənov Y. Əkrəmoğlu ilə aralarında olan bəzi telefon söhbətlərinin audio yazısını bizə təqdim edib. Bu səs yazıları arasında məktəblə bağlı telefon danışığına qulaq asdıqda isə insanda belə şübhə və ya sual ortaya çıxır: "Y. Əkrəmoğlu jurnalistdir, yoxsa təxribatçı?"

(Sözügedən telefon danışığının stenoqramması)

- Y. Əkrəmoğlu: Qardaş, sən məktəb haqqında bir şey hazırlayacaqdın?

- Ə. Həsənov: Bir nəfər var, nə lazımdır desin. Nə barədə danışmaq lazımdır?

- Y. Əkrəmoğlu: Məktəb tikintisi ilə bağlı danışsın. Məsələn, desin ki, yol çəkdilər sağ olsunlar, amma büdcədən bu qədər pul xərclənib nə xeyri var? Filan şey yoxdur, filan şey yoxdur, tədris aşağıdır, nə bilim nə. Desin ki, zalı balacadır, stadionu yoxdur.

- Ə. Həsənov: Sənin nömrəni verəcəyəm ona (Hüseyn Sadiqova), sənə zəng etsin.

- Y. Əkrəmoğlu: Oldu, gözləyirəm.

Oyunun daha bir qurbanı

Öz sözləri ilə desək oyunun "qurbanlarından" olan Hüseyn Sadiqov bildirib ki, ötən il Nehrəm kənd 1 nömrəli tam orta məktəbin istifadəyə verilməsindən bir müddət sonra Ə. Həsənov ona təklif edib ki, "Azadlıq Radiosu"nun Bakı bürosunun əməkdaşı Yafəs Əkrəmoğlu adlı bir nəfər səninlə danışacaq, yeni məktəb haqqında sənə bəzi suallar verəcək. Ə. Həsənov Yafəs Əkrəmoğlunun tapşırıqlarını da Hüseyn Sadiqova çatdırıb. Deyilənləri olduğu kimi söyləyəcəyi təqdirdə ona pul mükafatı vəd edib.

(Y. Əkrəmoğlu ilə H. Sadiqov arasındakı telefon danışığının stenoqraması)

Y. Əkrəmoğlu: - Alo, mənəm Yafəs.

H Sadiqov: - Yafəs müəlli sizsiniz? Mən də Əşrəf dediyi adamam.

Y. Əkrəmoğlu: - Yəqin məktəblə bağlı danışacaqsan?

H. Sadiqov: - Bəli, məktəblə bağlı danışacağam. Amma qabaqcadan sizə bir söz deyim. Mən indi müsahibəni sizə verəcəyəm, bəzi şeylər orada düz olmaya bilər. Sonra mənim başım ağrımaz ki?

Y. Əkrəmoğlu: - Nə düz olmaya bilər?

H. Sadiqov: - Ola bilər müsahibədə bəzi məlumatlar səhv olar.

Y. Əkrəmoğlu: - Direktordan öyrənəcəyəm, sonra. Direktor deyəcəyəm kənddən şikayət var. Başın ağrımayacaq, niyə ağrıyır ki?

H. Sadiqov: - Onda bir-iki kəlmə deyim. Əvvəla deyim ki, orada su yoxdur, antisanitariyadır. Stadion yoxdur. İçəridəki idman zalı çox kiçikdir. Tədris də ki, aşağı səviyyədədir.

Y. Əkrəmoğlu: - İndi, məsələ, bu boyda pul ayırıblar.

H. Sadiqov: - İndi pulu ayıranda nə olar? Yəqin çoxu mənimsənilib, ya da ki, işlədiblər ora, nə deyə bilərəm ki?

Y. Əkrəmoğlu: - Açıq danışın, qorxmayın. Məsələn, kəndə yol çəkilib.

H. Sadiqov: - Mənim yol ilə işim olmaz. Mənim bildiklərim budur, onu da deyirəm. Yolu çəkiblər, yol qəşəngdir, əladır.

Y. Əkrəmoğlu: - Məktəbdə tədrisin səviyyəsi necə aşağıdır?

H. Sadiqov: - Heç nə, uşaqlar məktəbdən sonra gedirlər hazırlığa.

Y. Əkrəmoğlu: - Təzə məktəbdə deyirlər kompyuter otaqları vardır?

H. Sadiqov: - Qardaş, mən içəriyə girməmişəm. Bundan artığın deyə bilmərəm.

Y. Əkrəmoğlu: - Sizcə, bu boyda pulu nəyə xərcləsəydilər daha yaxşı olardı? Onsuzda təhsilin səviyyəsi aşağıdır. O pulu başqa hansı yerə işlətmək olardı ki, təhsilin səviyyəsi artsın?

H. Sadiqov: - Onu mən deyə bilmərəm.

Y. Əkrəmoğlu: - Çox sağ ol, təşəkkür edirəm.

Hüseyn Sadiqov da baş verənlərə görə peşman olduğunu bildirib və tövsiyəsi edib ki, pula, hər hansı vədlərə inanıb, Y. Əkrəmoğlu kimi insanların yalanlarına uymasınlar.

Bəs, əsl həqiqət necədir?

Araşdırma zamanı sözdə bərbad vəziyyətdə olan Nehrəm kənd 1 nömrəli tam orta məktəbinin binasında da çəkiliş aparılıb. 1975-ci ildən fəaliyyət göstərən bu təhsil ocağı üçün 2012-ci ildə yeni bina inşa olunub. 900 yerlik yeni məktəb binasında təhsil alan 685 şagird üçün demək olar ki, bütün şərait yaradılıb. Təhsil sahəsində tətbiq edilən texnologiyanın son nailiyyətlərindən də burada istifadə olunur. Müasir memarlıq üslubunda tikilən məktəb binasında elektron lövhə ilə təmin olunmuş sinif otaqları, kompyuter otaqları, idman zalı, təmiz, eyni zamanda səliqəli bufet müəllim və şagirdlərin ixtiyarındadır. Bina istilik sistemi, işıq və su ilə tam təchiz olunub. Binanın həyətindəki səliqə-sahmanda ki, öz yerindədir.

Növbəti yalanın üstü açılıb

Araşdırma zamanı bunlarla yanaşı, Yafəz Əkrəmoğlu ilə bağlı digər bir fakt da üzə çıxıb. Məlum olub ki, o, Babək rayonun Şıxmahmud kənd sakini, 30 ildən çox pedaqoji fəaliyyətlə məşğul olan Vaqif Vəliyevin xəbəri olmadan "Azadlıq Radiosu"nun saytında onun adından "Naxçıvan müəllimlərinə bayram "hədiyyəsi" adlı müsahibə yerləşdirib. Məqalədə qeyd olunur ki, guya Naxçıvandakı orta təhsil məktəblərində çalışan müəllimlərin əmək haqlarının müəyyən hissəsi qanunsuz olaraq kəsilir. Bu hadisədən əsəb sarsıntısı keçirən V.Vəliyevin beyninə qan sızıb və uzun müddət həkim nəzarəti altında müalicə olunub.

V.Vəliyevin sözlərinə görə, həmin məqalə ilə tanışlığa qədər Yafəz adı bir şəxsi tanımayıb və o, bu hadisə ilə bağlı Başı şəhər Yasamal rayon məhkəməsinə müraciət də edib.

Oğru elə bağırdı ki...

Araşdırma yekunlaşdıqdan sonra biz məsələ ilə bağlı "Azadlıq Radiosu"nun da münasibətini öyrənmək məqsədilə radionun Bakı bürosunun rəhbəri Babək Bəkirlə əlaqə saxlayıb onun da fikrini dərc etmək istədik. Babək Bəkir məsələdən xəbərinin olmadığını, yanında qonaqlarının olduğunu deyərək daha sonra zəng etməyimizi bildirdi. Növbəti zəngimizdə də dəstəyi qaldıran xanım B. Bəkirin məşğul olduğunu söylədi. Bir daha etdiyimiz görüş cəhdimiz isə yenə baş tutmadı. Telefonun o biri ucundakı xanım B.Bəkirin işdə olmadığını, artıq evə getdiyini söylədi, baxmayaraq ki, iş vaxtının bitməsinə hələ bir saatdan da çox vaxt qalmışdı. (Son cəhdimiz təxminən 16:40 radələrində olub).

"Azadlıq Radiosu" məsələyə münasibət bildirmək əvəzinə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılını meydana buraxıb. "Ekspert" isə öz "təcrübəsi" ilə fikirləri böyük "məharətlə" başqa istiqamətə yönəldib. O, "Azadlıq Radiosu"nun və əməkdaşı Yafəz Əkrəmoğlunun əməllərindən yox, "məlumatın yayılması haqda qanunlar"dan danışıb: "Yafəz Əkrəmoğlunun telefon danışıqlarının yayılması yazışmalar və telefon danışıqları sirrinin qorunması barədə qanunvericilik normasının pozulmasıdır".

"Azadlıq" qəzetindəki yazıda iddia edildiyi kimi bu araşdırma hər hansı dövlət qurumunun və ya Səs TV-nin deyil, Nehrəm kənd sakini Əşrəf Həsənovun təşəbbüsüdür.

O ki, qaldı telefon danışığının əldə edilməsinə, Görünür hörmətli "ekspert"imizin müasir dünyadan, onun yeniliklərindən xəbəri yoxdur. Çünki bu gün insanlar tərəfindən istifadə olunan əksər mobil telefonlar danışıqların yazılması funksiyasına malikdir. Burada "xüsusi xidmət orqanları"nın adının hallandırılması böhtan, eyni zamanda gülüncdür. Rəşid Hacılının dünyagörüşü qədər, fikirləri də köhnəlib. Yuxarıda qeyd etdiyimiz kimi, audio yazını Səs TV-yə Əşrəf Həsənovun özü təqdim edib. Yaxşı olardı ki, "ekspert"imiz "Azadlıq Radiosu"na, onun əməkdaşının jurnalistə yaraşmayan fəaliyyətinə də münasibət bildirərdi.

Biz yalan, böhtan dolu xəbər "istehsal" etmirik. Araşdırmanın çəkilişindən tutmuş, onun yayılmasına qədər hər bir iş tam qanun çərçivəsində görülüb. Səs TV aldadılmış bir vətəndaşımızın çağırışına cavab verib. Burada mətbuat haqqında qanunun müvafiq bəndlərinə tam olaraq əməl edilib.

Məsələ ondadır ki, baş verənlərin əsas günahkarı "Azadlıq Radiosu" olduğu halda hansısa "ekspert" Səs TV-ni suçlu çıxarmağa cəhd edir. Halbuki, vətəndaşın düşdüyü vəziyyətdən sui-istifadə edən radionun əməkdaşı onu aldadıb, hakimiyyət orqanlarına qarşı iftira, şər, böhtan atmağa məcbur edilib.

Atalar yaxşı deyib: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı".