Yalanın başlandığı tarix

24 Aprel 2013 10:44 (UTC+04:00)

1890-cı ildən etibarən ermənilərin başlatdığı üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar qəbul etməyə məcbur edir. Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçılıq meyli gücləndikcə üsyanlar da təbii hal almağa başlayır. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşir, daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləyir. Bu hadisədən sonra 1905-ci ildə ermənilər sultana qarşı sui-qəsd törədirlər.

Osmanlı ermənilərin can və mal varlığını tam mühafizə edib

Ermənilərinin hər il qondarma "erməni soyqırımı" ildönümü deyə andıqları 1915-ci il 24 aprel tarixində Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verir. Aprelin 26-da da Baş komandanlığın əmrinə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilir. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul olunur. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və mal varlığı tam mühafizə olunurdu. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorunmasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis və Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər.

1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onların Osmanlıya xəyanət etməsinə baxmayaraq, hökumət tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin "ermənilərin öldürülməsi" ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu qanunla ermənilər olduqca böyük bir diqqətlə döyüş bölgələrindən uzaqda bir yerə göndərildi. Hər ehtiyacları, təhlükəsizlikləri təmin edildi. Həmin dövrlərdə Türkiyə ərazisində yaşayan və sonralar dünyanın bir çox ölkələrinə köçən erməni əhalisi də bunu təsdiqləyir.

Böyük yalanın təbliğatına start verilir

Birinci Dünya Müharibəsi başa çatan kimi ingilis zabit Ariel "Göy" adlı kitab nəşr etdirir. Bu kitabın əsas leytmotivi odur ki, guya Osmanlı türkləri milyon yarımdan artıq ermənini soyqırımına məruz qoyublar. Çox maraqlıdır ki, bütün xristian dövlətlərində bu kitab 7 milyon nüsxə çıxarılıb paylanılıb. Məhz həmin kitabdan sonra bu böyük yalana xristian cəmiyyətlərində çox ciddi sürətdə inanmağa başladılar. Bununla da, anti-Osmanlı sonra isə anti-Türkiyə təbliğatı işə düşdü.

Sonradan guya öldürülən ermənilərin sayı il-ildən artaraq indiki 1,5 milyon nəfərə çatdı. Halbuki həmin dövrdə Türkiyədə heç 400 min erməni belə yaşamırdı. Bununla da, ermənilərin və erməni lobbisinin qondarma soyqırımının tanınması ilə bağlı hədəfləri meydana çıxdı. Soyqırımı sözünün özü 1950-ci ildə dövriyyəyə buraxılıb. Hətta Sovet dövründə qondarma soyqırımı ilə bağlı kampaniyaya start verilib. SSRİ-nin rəhbərliyində təmsil olunan Anastas Mikoyanın təşəbbüsü ilə 24 aprel Ermənistanda qeyd olunmağa başladı, İrəvanda buna həsr edilmiş abidə qoyuldu.

Erməni dövlətin bünövrəsindən soyqırımı amili çəkilərsə...

1965-ci ildə ilk dəfə qondarma erməni soyqırımı rəsmən Uruqvayda tanındı. İndiyə qədər 1915-ci il hadisələrini soyqırımı kimi 19 Avropa və Amerika ölkəsi müxtəlif səviyyədə tanıyıb. Tarixə siyasi münasibət bildirən ölkələrdən çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdür. Uzun illər Türkiyənin "strateji müttəfiqi" sayılan Birləşmiş Ştatlarda "soyqırımı"nı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ prezidentləri isə hər il aprelin 24-də "soyqırımı" sözünün yarım addımlığından keçirlər. Qondarma soyqırımını tanıyan yeganə müsəlman ölkəsi ermənilərin kompakt yaşadığı Livandır. Mütəxəssislər hesab edir ki, bugünkü Ermənistanın təməli əslində soyqırımı ideologiyasının üzərində qurulub.

Tarixçi alimlərin fikrincə, erməni dövlətinin bünövrəsindən soyqırımı amilini çəksəniz, bu dövlət çökər. Bu gün dünyanın bir sıra ölkəsində təəssüf ki, qondarma soyqırımının "varlığı" qəbul edilib. Lakin nəzərə almaq lazımdır ki, həmin ölkələrdə tarixi tarixçilər deyil, siyasətçilər öz şəxsi və ya qrup mənafelərinə uyğun qiymətləndiriblər

Bu təkcə onların istəkləri deyil

Milli Məclisin vitse-spikeri Bahar Muradovanın sözlərinə görə, qondarma "soyqırımın" tanıdılması cəhdləri təkcə ermənilərin qarşısında dayanan hədəf istək deyil: "Bununla manipulyasiya edən bəzi qüvvələr var və istər Türkiyəyə, istərsə də Azərbaycana müəyyən mənada beynəlxalq təsir göstərən müəyyən dairələr bu "soyqırımı" məsələsini istismar alətinə çevirib. İlbəil bununla təzyiqlər göstərərək bu və ya digər məqsədlərini reallaşdırmaq, hansısa məsələdə onların mövqeyinə uyğun mövqe sərgilənməsinə nail olmaq, müstəqil siyasət yürüdən Azərbaycana o cümlədən, bölgədə nüfuzu artan Türkiyəyə "öz yerini göstərmək" üçün bundan təzyiq vasitəsi kimi istifadə etməkdədirlər. Ona görə biz məcbur oluruq ki, bunlara münasibət bildirək. Bir də onlar bunu yalnız ildönüm qeyd etmək kimi yox, hüquqi bir nəticəyə gətirib çıxaran fəaliyyətə yönəldirlər. Ona görə də bunun qarşısını almaq mümkün olmasa da, ona bərabər tutulacaq, onu üstələyəcək fəaliyyət ortada olmalıdır. Əlbəttə ki, həm rəsmi diplomatiya, həm vətəndaş səviyyəsində, bir xalq, dövlət olaraq biz öz mövqeyimizi göstərməliyik və buna alternativ olan fəaliyyəti ortaya qoymalıyıq.

Tarixçilərin missiyasını siyasətçilər öz üzərinə götürüb

Hər il aprelin 24-ü ərəfəsində ermənilərin bu istiqamətdə fəaliyyətlərini gücləndirilər. Məsələn aprelin 20-də Macarıstanın Seqed şəhərində qondarma erməni soyqırımına abidə qoyulub. Aprelin 24-də isə ermənilər dünya ölkələrindəki Azərbaycan və Türkiyə səfirlikləri qarşısında aksiyalar keçirməyi planlaşdırırlar. Bu zaman diplomatlara qarşı terror aktı törədilmə ehtimalının olduğunu deyən Bahar Muradovanın fikrincə, milliyyətcə azərbaycanlı, türk olduğuna görə insanlar terrorun qurbanına çevrilə bilər: "Əlbəttə ki, buna qarşı öz etiraz səsimizi qaldırmalıyıq. Mənim bu gün ermənilərin tökdüyü "timsah göz yaşlarına" aldanaraq bu və ya digər qərarları alan beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə, onların parlamentlərinə, onlara qucaq açan bu və ya digər qeyri-hökumət təşkilatlarına, ayrı-ayrı ziyalılara, beynəlxalq miqyasda tanınmış şəxslərə çağırışım bundan ibarətdir ki, 100 il bundan əvvəl baş vermiş tarixi hadisənin ətrafında bugünkü siyasi məqsədlərə, eyni zamanda çox uzaq hədəflərə yönəlmiş belə bir fəaliyyətə alət olmasınlar. Onlar tarixi tarixçilərin ixtiyarına buraxsınlar. Tarixçilərin missiyasını siyasətçilər öz üzərinə götürüb, qərar vermək ixtiyarında deyillər. Yox, əgər belə bir istəkləri varsa, ədalətin, haqqın bərpa olunmasını istəyirlərsə, insanların rahat, təhlükəsiz, etnik mənsubiyyətinə görə, hansısa qorxu hiss etmədən yaşamasını istəyirlərsə, onlar günümüzdə baş verən hadisələrə münasibət bildirsinlər. Həm də istənilən siyasətçinin, dövlət xadiminin vəzifəsidir ki, zamanında dünyanı təhdid edən təhlükələrə qarşı öz etiraz səsini qaldırsın. Bu təhlükə də ermənilərin hələ də davam edən təcavüzkar siyasətidir, Azərbaycanın ərazisinin müəyyən qisminin işğal altında saxlamasıdır, milyonlarla insanın evindən didərgin salmasıdır, maddi mədəniyyət abidələrini məhv etməsidir, dinimizə yönəlmiş insanlığa zidd, heç bir çərçivəyə sığmayan hərəkətlər etməsidir, dinlərarası, sivilizasiyalararası münasibətləri gərginləşdirməsidir. Bunlara münasibət bildirmək lazımdır. Hansısa tarixi hadisələri əldə alət edərək, bugünkü hədəflərə çatmaq üçün müəyyən dairələrin əlində alət olurlarsa, bu onların çatışmazlığıdır və biz türkiyəli həmkarlarımızla da həm rəsmi səviyyədə, həm də digər səviyyədə olan mövcud fəaliyyətimiz daha da möhkəmləndirməli, beynəlxalq ictimaiyyəti məlumatlandırmalı, obyektiv həqiqətin nədən ibarət olduğunu onların diqqətinə çatdırmalı, öz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Dünyanı inandırmalıyıq ki, erməni yalanlarına az inansınlar".