Təhsil Nazirliyində "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi (www.nostrifikasiya.edu.az) nazirliyin saytının "Elektron xidmətlər" bölməsinə daxil edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir. Belə ki, xarici diplomların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açır, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası 1997-ci ilin aprelindən "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası"na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub.