Tələbələr Qobustan Tarix-Bədii Qoruğunda ekskursiyada olub

19 Aprel 2013 17:55 (UTC+04:00)

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Qobustan tarix muzeyi"ndə tələbələr ekskursiyada olub. Siasport idman portalının məlumatına görə, muzeydə Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Müəllimlər İnstitutunun, Əmək və Sosial Münasibətlər Kollecinin, Bakı Biznes Universitetinin və Bakı 2 saylı Baza Tibb Kollecinin tələbə heyəti iştirak edib. Tədbirin əsas məqsədi tələbələri Azərbaycanın qədim tarixi ilə yaxından tanış etmək, onları Qobustan qaya rəsimləri barədə bilgiləndirmək olub.

Qobustan qayaüstü rəsimlər haqqında maraqlı məlumatları muzeyin işçisi tələbələrə çatdırıb: "Qobustan tarix muzey"i YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib. Ümümilikdə dünyanın 120-dən çox ölkəsində qayaüstü rəsimlər varki, onlardan yalnız 31-ni YUNESCO-ya daxil ediblər. Muzeydə yaradılan qlobusda dünyanın ən məhşur qayaüstü rəsimləri olan ərazilər göstərilib. Azərbaycanda Qobustandan başqa daha 3 yerdə də qayaüstü rəsimlər var. Abşeronda, Kəlbəcərdə Vulkanik yaylasında, və Naxçıvanda Gəmiqaya ərazisində də qayaüstü rəsimlər mövcuddur. Amma onların içərisində ən böyük tarixə malik olanı Qobustan qayaüstü rəsimlərdir".

Daha sonra Qobustanda yaşamış qədim heyvanlardan danışan muzey işçisi qeyd edib ki, bu heyvanların əti qədim insanlar üçün yemək baxımından daha əlverişli olub. Hətda, onların dərisindən geyim üçün istifadə ediblər.

Muzey işçisinin ən maraqlı məlumatlarından biri də Qobustan qayaüstü rəsimlərinin ilk dəfə aşkar olunması haqqında olub: " Əvvəllər bu ərazidə daş karxanası işləyib. Burada işləyən çalışanlardan biri Tarix Muzeyinə gedib və muzey içşilərinə Qobustan ərazisində qayalar üzərində şəkillər gördüyünü bildirib. Bu məlumat muzey işçilərini maraqlandırır və onlar 1939-cu ildə adı çəkilən yerə gəliblər. Həqiqətən də belə rəsimli qayaların olduğunu müşahidə ediblər. Bundan sonra buraya enli ekspedisiyalar təşkil olunub. Səfiyə xanım Cəfərzadə aşkar olunan qaya rəsimlərinin estanpını çıxardıb. Daha sonra bu işlər ilə Cəfərqulu Rüstəmov məşğul olub. Qaya üstü rəsimlərə zərər yetirdiyi üçün, ziyalıların səyi nəticəsində burada aparılan daş karxanası dayandırılıb."

Tələbələr daha sonra isə əmək alətlərinin yaşı haqqında məlumatlandırılıb. Bu qədim abidələr içərisində yaşı 22 min il olan qədim əşyaların olduğu bildirilib.

Muzey ilə tanışlıqdan sonra tələbələr Qobustan qayalarına ekskursiyaya gediblər. Burada da tələbələr qədim qaya daşları ilə daha yaxından tanış olublar. Muzeydə verilən məlumatlar bir daha Qobustan qayalarında təkrarlanıb.