Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərinin hakimi Edil Janbırişinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilir. SİA-nın verdiyi xəbərə görə, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov tədbirdə çıxış zamanı bildirib ki, Azərbaycan Qazaxıstanla ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir: "İki ölkə arasında dayanıqlı hüquqi baza mövcuddur və bu baza ilbəil genişləndirilir. Tərəflər arasında indiyədək bu sahədə 20 müqavilə imzalanıb. Hazırda Azərbaycanda 30-dan artıq Qazaxıstan kapitallı şirkət fəaliyyət göstərir, bir çox Azərbaycan şirkətləri də Qazaxıstan iqtisadiyyatının müxtəlif sektorlarında təmsil olunub. İki ölkə arasında əlaqələrin bir qədər də inkişaf etdirilməsinə böyük potensial var və Azərbaycan Qazaxıstanla əlaqələrin genişləndirilməsində maraqlıdır. Hazırkı biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 60-dan artıq Azərbaycan şirkəti iştirak edir və ümid edirəm ki, bu cür tədbirlər iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək".
Daha sonra çıxış edən E.Janbırşin iki ölkə arasında mövcud əlaqələrdən danışaraq Aktau şəhərinin potensialı haqqında məlumat verib: "Azərbaycan və Qazaxıstan MDB məkanında bir çox sahələrdə lider mövqe tutan ölkələrdir. İki ölkə birgə layihələrdə iştirak edir.Tərəflər arasında ticarət dövriyyəsi ilbəil artır. Əgər 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 300 mln. ABŞ dolları təşkil edibsə, ötən il bu göstərici 450 mln. dollara çatıb".
Qeyd edək ki, forumda Qazaxıstanın şəhərsalma, tikinti, abadlıq və yaşıllaşdırma işləri, su təchizatı və tullantı suların idarə edilməsi, zibil və bərk tullantıların emalı, ərzaq təhlükəsizliyi, alternativ enerji və digər sektorları təmsil edən Mangistau vilayətinin sahibkarları iştirak edirlər.