"Şamaxıda 2 ay sonra dini icmalar üçün xüsusi kurslar açılacaq. Dini icmaların böyük sosial funksiyaları var. Ancaq təəssüflər olsun ki, bu gün rayonlarda başına beş-on nəfəri toplayıb, maddi marağını güdən, özünü güc mərkəzi təqdim etməyə çalışanlar var. Bu, səhv yoldur."
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Şamaxıda keçirilən "Din-dövlət münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfransda çıxışı zamanı bildirib.
Komitə sədri vurğulayıb ki, bu gün böyük dünya dövlətlərinin mərkəzlərində ənənəvi dinlərin bərpası istiqamətində iş aparılır. Halbuki həmin mərkəzlər bir vaxtlar ənənəvi dinlərə qarşı mübarizə ediblər.
E.İskəndərov Şamaxı şəhərindəki tarixi Cümə məscidinin Cənubi Qafqazda tikilən ilk məscid olduğunu bildirib. Onun sözlərinə görə, Qafqazda İslamın ilk simvolu olan məsciddə XX əsrin əvvəlində ermənilər tərəfindən yüzlərlə insan öldürülüb: "Mən əslən bu bölgədənəm, atamın işi ilə əlaqədar təhsil aldığım dövrdə 4 il tez-tez burada olmuşam. Ermənilər tərəfindən yandırılmış bu məscid Sovet dövründə elə o vəziyyətdə saxlanılırdı. Bununla da erməni lobbisi, Azərbaycan xalqının düşmənləri xalqımıza mesaj verirdilər. Bu gün o məscid bərpa olunur və bu, bizim verdiyimiz ən ciddi mesajdır."