Prezident İlham Əliyev postsovet məkanının yeni tipli siyasi lider nümunəsinə çevrilib

7 Aprel 2013 18:15 (UTC+04:00)

Bu bir aksiomadır ki, hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və əlbəttə ki, qlobal proseslərin öndə gedənlərinə çevrilməsində LİDERlərin xüsusi əməyi olur. LİDER o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Bu cür liderlərin mövcudluğu isə xalqların perspektivinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına əsas yaradır. Elə bu mənada Azərbaycan xalqının da gələcəyi parlaqdır. Çünki, artıq 10 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Məhz, Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi reformalar modern Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini artırıb.

Modern Azərbaycan xalqımızın tarixi nailiyyətidir

Artıq 20 ildir ki, Azərbaycan xalqının rihafına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Heydər Əliyev siyasəti müstəqil dövlətimizin xalqımızın tarixi nailiyyətinə çevrilməsinə əsas yaradıb. Çünki, uzun illər, əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz, son 20 ildə Ulu öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müstəqil xarici siyasət yürüdən, regionun lider ölkəsi olan və dünya miqyasında əhəmiyyətli faktor rolunu alan dövlətin sahibinə çevrilib. Ona görə də, bu gün müasir beynəlxalq münasibətlər sistemində söz sahibi və BMT təhlükəsizlik Şurasının üzvü olan, planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin, kollapsların müşahidə olunduğu, həmçinin, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyətidir, ən böyük sərvətidir və fəxr mənbəyidir.

Bu gün bütün vətəndaşlarımızın, həmçinin, planetin digər ölkələrində yaşayan soydaşlarımızın azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşı olması ilə qörur duyduğunu və fəxr etdiyini deməsi də çox ciddi əsaslara söykənir. Çünki, bu günün Azərbaycanı yalnız beynəlxalq münasibətlər sistemindəki yeri və roluna görə deyil, həmçinin, daxili sosial-iqtisadi arxitekturasına, inkişafına və nailiyyətlərinə, həmçinin, milli-dini və etnik quruluşuna, eyni zamanda, polietnik və çoxkonfessiyalı atmosferdə qardaşlığın, dözümlülüyün mövcudluğuna görə dünya dövlətləri üçün bir inkişaf modelidir.

Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycanda sosial-iqtisadi sahədə liberal reformalar reallaşdırılır, dövlət səviyyəsində azad sahibkarlığa böyük diqqət və qayğı göstərilir, əmək haqları, təqaüdlər artırılır, yeni iş yerləri açılır, həmçinin, insanların rifah halının yüksəldilməsi üçün vacib qərarlar verilir və bunun nəticəsində də ölkəmizin sosial stratifikasiyasında dəyişikliklər müşahidə olunur. Məhz, bu gün Azərbaycanda ÜDM-in 83 faizinin özəl sektorda formalaşması sahibkarların gücünün, onun cəmiyyətin, dövlətin inkişafına əvəzsiz töhfələrinin göstəricisidir.

Bununla yanaşı, ölkənin inkişafına mane olan əngəllər, sosial "bəla" və digər mənfi nüansların aradan qaldırılması istiqamətində də ciddi tədbirlər görülür. Müasir, şəffaf və dinamik inkişaf edən Azərbaycanın dövlət quruculuğu üçün mühüm institusional islahatlar həyata keçirilir, korrupsiyanın qarşısının alınması üçün qanunvericilik bazası möhkəmləndirilir, bir sözlə, mənfi tendensiyaları zərərsizləşdirən funksional mexanizm formalaşdırılır.

Məhz, 2011-ci ildə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında", "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın, "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın, "ASAN Xidmət"inin yaradılması haqqında fərmanların imzalanması və "Elektron Hökumət" təşəbbüsünün irəli sürülməsi nəticəsində ölkədə vətəndaşlarla dövlət orqanları və ya digər subyektlər arasında aparılan əməliyyatlar əsasən, elektronlaşdırılıb. Bu gün artıq 417 elektron xidmətdən 187-si üzrə "bir pəncərə" prinsipi əsasında xidmətlər təklif olunur, bu sistemə isə artıq 40 dövlət orqanı qoşulub.

Bir sözlə, Azərbaycan dövlətinin müasir tərəqqi prinsiplərinə uyğun olaraq, inkişaf etdirilməsi prosesi özünün əhəmiyyətli şəkildə nəticəsini verir. Bunun əsas səbəblərindən birini də elə Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayanması təşkil edir.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Təkzibolunmaz faktdır ki, Azərbaycan hakimiyyətinin siyasəti birbaşa olaraq, vətəndaşların sosial rihaf halının yüksəldilməsinə, onların yüksək səviyyəli həyat şəraitilə əhatələnməsinə, həmçinin, mükəmməl təhsil almasına, sağlam, vətənpərvər yetişməsinə, hüquq və azadlıqlarının müdafiə edilməsinə istiqamətlənib. Ümummilli lider Heydər Əliyevin, Onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinə nəzər salarkən də, bu xətti açıq şəkildə müşahidə etmək olur. Məhz, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, sonradan isə "Ana yasa"ya müasir inkişaf proseslərinə adekvat olaraq, iki dəfə dəyişikliklərin edilməsi, həmçinin, Ali qanundan irəli gələrək, hüquqi bazanın mmöhkəmləndirilməsi söylənilənlərə əyani sübutdur.

Bununla yanaşı, Prezident İlham Əliyev gənc nəslin intellektual, kreativ, vətənpərvər və sağlam yetişməsi üçün insan kapitalının formalaşdırılması siyasətinə xüsusi diqqət ayırır. Çünki, O, həyata keçirilən dövlət siyasəti humanizm və insani dəyərləri idarəçiliyin əsas meyarına çevirməyi, Azərbaycanda əsl rifah

dövləti yaratmağı hədəfləyib. Prezident İlham Əliyev həmçinin, vətəndaşlarla dövlət məmurları arasındakı ünsiyyətin intensivləşdirilməsi, möhkəmləndirilməsi və pozitivləşməsi üçün də müvafiq fəaliyyət sərgiləyir, göstərişlərini verir.

Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin Sədrliyilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bir daha Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin durduğunu bildirməklə, bütün məmurlara öz göstərişini verib: "Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır.

İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir…".

Əlbəttə ki, bütün bunlar vətəndaşların Prezident İlham Əliyevə inam və etibarını gücləndirməklə yanaşı, həm də iqtisadi inkişaf prosesinə təkan verir, kollektiv səmərəliliyi artırır. Bu bir daha onu sübut edir ki, hüququn aliliyi, bərabərlik və diskriminasiyanın yolverilməzliyi, vətəndaşların idarəetmə prosesində yaxından iştirakı, operativlik və konsensusa meyllilik, məhsuldarlıq və effektivlik, şəffaflıq və hesabatlılıq Prezident İlham Əliyevin səmərəli idarəçiliyinin başlıca prinsipləridir.

Təbii ki, dövlətin bu cür məhsuldar siyasəti beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir və yüksək qiymətləndirilir. Elə, dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentlikləri Cənubi Qafqazda investisiya reytinqinə məhz Azərbaycanı qabaqcıl yerə layiq görüblər, həmçinin, "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdə göstərilib. Eyni zamanda, beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Qeyd edək ki, insan inkişafı indeksi təyin olunarkən çoxkomponentli göstəricilərə əsaslanılır. Əhalinin yaşayışı və rifahı ilə bağlı bütün göstəricilər bu indeksdə öz əksini tapır. Yəni, burada ölkənin siyasi, hüquqi, ictimai, sosial, iqtisadi parametrləri geniş şəkildə təhlil olunur. Makroiqtisadiyyatın bütün sahələri ilə yanaşı, demoqrafik durum, əmək ehtiyatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ev təsərrüfatlarının vəziyyəti, ətraf mühit, infrastruktur, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi, istehlak bazarı və digər komponentlər bu indeksin təhlil olunan başlıca istiqamətlərini təşkil edir. Məhz, Azərbaycan qeyd olunan parametrlərin əksəriyyəti üzrə son illər pozitiv dəyişikliklərə nail olub. Ölkəmiz ÜDM-in artımı, insanların gəlir əldə etmək imkanlarının yaxşılaşması, məşğulluğun artırılıması, yoxsulluğun səviyyəsinin azaldılması, vətəndaşların sosial rifah halının yüksəlməsi, onların keyfiyyətli təhsil, səhiyyə və sosial infrastruktur xidmətləri ilə əhatə olunması baxımından mühüm nailiyyətlər əldə edib.

Təhlillər göstərir ki, heç də iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin hamısı Azərbaycan kimi insan inkişafı indeksini yaxşılaşdıra bilmir. Məsələn, son illlər iqtisadiyyatları sürətlə artan Çin, Braziliya və Türkiyə kimi dövlətlər insan inkişafı indeksinə görə Azərbaycandan xeyli geridə qalırlar. Bu müqayisə Azərbaycan hökumətinin iqtisadi müstəvidə əldə etdiyi nəticələrin uğurla insanların sosial rifah müstəvisinə transformasiya etdiyinin göstəricisidir.

Ona görə də, obyektiv olaraq, Azərbaycan ciddi qəbul edilən beynəlxalq təşkilatların hesabatlarında mühüm yerlərdə qərarlaşır.

Vətəndaşlar dövlət idarəçiliyində yaxından iştirak edir

Prezident İlham Əliyevin idarəçiliyinin fərqləndirici xüsusiyyətlərindən birini də vətəndaşların dövlət idarəçiliyinə yaxından cəlb edilməsidir. Hələ Ulu öndər Heydər Əliyevin idarəçiliyi dönəmində Azərbaycanda ictimai sektorun inkişaf etdirilməsi və vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların dövlətin idarə edilməsində rolunun artırılması, həmçinin, vətəndaş-dövlət ünsiyyətinin gücləndirilməsi istiqamətində fundamental addımlar atılıb. Həmin siyasi kursu şaxələndirən Prezident İlham Əliyev göstərilən istiqamətdə əlavə addımlar ataraq, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyində, qərarların qəbul olunması prosesində daha yaxından iştirakı təmin edilir, vətəndaşlarla vəzifəli şəxslərin təmaslarının intensivləşdirilməsi, insanların rəy və təkliflərinin ümumiləşdirilməsi və nəzərə alınması, onların dinlənilməsi və problemlərinin həlli yollarının tapılması və digər istiqamətlərdə işlər görülür.

Məhz, tez-tez dövlət rəsmilərinin vətəndaş cəmiyyəti, media nümayəndələrilə görüşlər keçirməsi, effektiv tədbirlərin görülməsi və problemlərin həll edilməsi üçün optimal yolların axtarılması istiqamətində də intensiv danışıqlar aparılır. Belə görüşlər isə vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyi prosesində daha yaxından iştirakı, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın güclənməsi üçün əlverişli şərait yaradır. Bu addımlarla dövlət səmərəli ictimai nəzarət mexanizminin formalaşdırılması üçün əhəmiyyətli tədbirlər görməkdədir.

Göründüyü kimi, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan vətəndaşlarının rifahı üçün səfərbər edib, Onun atdığı hər bir addım isə insanların daha yaxşı yaşamasına hesablanıb. Buna görə də, Prezident İlham Əliyevin hər bir addımı insanlarda böyük ümid və gələcəyə nikbin baxış formalaşdırır.

Prezidentin qazandığı uğurlar xalqımıza böyük ümidlər verir

Bütün faktların təhlili bir daha göstərir ki, Prezident İlham Əliyev LİDER kimi üzərinə düşən bütün funksiyaları və missiyanı uğurla yerinə yeirməkdədir. Dövlətimizin başçısı, həmçinin, Yeni Azərbaycan Partiyasının Sədri kimi daim insanlara xoş münasibət göstərməsi, onlarla ünsiyyətdə olması, hətta, 50 illik yubileyini vətəndaşlarla birgə keçirməsi Onun LİDER kimi digər xüsusiyətlərini də üzə çıxarmış olur. Həmin xüsusiyyətlər barədə danışan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib ki, Prezident İlham Əliyev siyasi lider kimi yeni dövrün tanınmış şəxsiyyətidir: "İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. Hesab edirəm ki, cənab İlham Əliyevi səciyyələndirən başlıca xüsusiyyəti onun hədsiz səmimiliyidir. Həm milli mədəniyyətimizin, həm xalqımızın əxlaqi-mənəvi dəyərlərinin təbliğində, həm də ölkəmizin dolğun müsbət imicinin formalaşmasında ailəsinin hər bir üzvü onunla həmrəydir, həmfikirdir… Cənab İlham Əliyevin xarakterində təbiətən çox böyük məsuliyyət hissi vardır. Bu cəhət ən çətin və mürəkkəb şəraitlərdə onun yeganə düzgün qərar qəbul etmək bacarığını üzə çıxarır. Bu məsuliyyət hissi daxili və xarici siyasət məsələlərinin, bir çox problemlərin həllində, məsələn, müasir dövrün reallıqlarını nəzərə almaqla və inkişaf perspektivini düzgün qiymətləndirməklə, iqtisadiyyatın yeni əsaslarının yaradılmasında, onun şaxələndirilməsində və neftdən asılılığının aradan qaldırılmasında dövlət başçısına yardım etmişdir".

Məhz, bu xüsusiyyətlərinə görə, Azərbaycanda alternativsiz LİDER kimi qəbul edilən Prezident İlham Əliyevin qazandığı bütün uğurlar xalqımıza böyük ümidlər verir və gələcəyə geniş yollar açır. Ona görə də, Azərbaycan xalqı 10 il ərzində Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevi yenidən dövlət başında görmək istəyir.

Xalqımız İlham Əliyevə alternativ görmür

Elə növbəti beşillikdə də Azərbaycanın dövlət başçısı kimi Prezident İlham Əliyevin seçkilərdə iştirak etməsi barədə sosial sifarişin mövcudluğu yuxarıda söylənilən fikirlərin sübut kimi meydana çıxıb. Heç təsadüfi də deyil ki, Həmkarlar İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Qızıl Aypara Cəmiyyəti kimi Azərbaycanın ən kütləvi, böyük təşkilatları artıq Prezident İlham Əliyevin namizədliyini irəli sürüblər. Əlbəttə ki, ölkə vətəndaşlarının bu istəyinin də ciddi əsasları var. Bunu isə Prezident İlham Əliyevə olan xalq sevgisi isbatlayır.

Akademik Ramiz Mehdiyevin dediyi kimi, əgər biz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri, keçirilmiş sosioloji sorğuların nəticəsi olaraq, Onun xalq arasında 87-93 faiz təşkil edən yüksək reytinqini və beynəlxalq nüfuzunu, habelə cənab Prezidentin öz sıralarında 600 mindən artıq vətəndaşı birləşdirən, ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, bu ilin payızında keçiriləcək prezident seçkilərinin nəticəsini görmək çətin olmaz - seçicilərin böyük əksəriyyəti öz səslərini Prezident İlham Əliyevə verəcək.

Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan hakimiyyəti populizmdən, siyasi kapital qazanmaq üçün süni görüntü yaratmaq niyyətindən uzaqdır. Ona görə də, Azərbaycan xalqı Prezident İlham Əliyevə alternativ görmür və Onun növbəti beşillikdə də dövlət başçısı olmasını arzulayır.