Xaçmaz “Əfsanələr Paytaxtı” seçilib

2 Aprel 2013 19:43 (UTC+04:00)

Xaçmaz şəhərinin 2013-cü il üçün Azərbaycanın "Əfsanələr Paytaxtı" seçilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, il ərzində rayonda tamamilə yeni məzmunlu mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasın Xaçmaz 2013-cü il üçün Azərbaycanın "Əfsanələr Paytaxtı" elan olunub. Proqramın əsas məqsədi Azərbaycan xalqının qədim tarixi irsinin, zəngin adət ənənələrini, mənsub olduğu dəyərləri qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq, həmçinin respublikada daxili və xarici turizmi daha da inkişaf etdirməkdədir. Layihə üzrə seçilən şəhərin mədəni tərəqqisini diqqəti cəlb etməsi isə əsas şərt hesab olunur.

Xaçmazın 2013-cü il üçün Azərbaycanın "Əfsanələr Paytaxtı" seçilməsi ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, il ərzində tamamilə yeni məzmunlu mədəni-kütləvi tədbirlər təşkil olunacaq, həmçinin daxili və xarici turizmin təşkili daha da təkmilləşdiriləcək.

Proqram çərçivəsində yerli ədəbiyyatçılar, sənətkarlar da yaradıcı fəaliyyətlərini vaxtaşırı olaraq nümayiş etdirəcək.

Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, turizm rayonu olan Xaçmaza ötən il 155 min turist gəlib ki, onlardan 10 min nəfəri xarici turist olub. Xaçmazın 2013-cü il üçün Azərbaycanın "Əfsanələr Paytaxtı" elan edilməsi isə bu rayona müraciət edən turistlərin sayının artmasına təsir göstərməkdədir və cari il ərzində Xaçmaza 500 min turistin gəlişi gözlənilir.

Emin Kərimov, Xaçmaz