"Bu gün Azərbaycanın ətə olan tələbatı 340 min tondur. Lakin bunun yalnız 80%-i ödənir". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.
Nazir müavini deyib ki, dünya sistemində idxal və ixrac əməliyyatı aparılır və burada heç bir qadağa yoxdur: "Əgər ətə ehtiyac varsa, insanlar onu gətirməli və satmalıdır. Burada heç bir məsuliyyət yoxdur, amma daxili bazar qorunduğu halda aksizlər qoyulur. Yalnız bu gün ət məhsullarına ehtiyacımız var. Ona görə də onların gətirilməsinə qadağa yoxdur. Biz 3 ildir Avstriya və Almaniyadan cins heyvanlar gətirmişdik. Onlar əsasən südlük istiqamətdə olan heyvanlardır. Amma bizim ətlik istiqamətdə olan heyvanlara ehtiyacımız var. Bu yaxınlarda kənd təsərrüfatı naziri İsmət Abasov Fransada ezamiyyətdə olub. Oradan ətlik və südlük heyvanların alınması istiqamətində danışıqlar aparılıb və müqavilələr bağlanılıb. Düşünürəm ki, hər il Fransadan südlük və ətlik istiqamətində 1500 baş heyvan gətiriləcək".