31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı işlər davam edir

30 Mart 2013 15:53 (UTC+04:00)

"1998-ci ilə qədər Azərbaycan ictimaiyyəti 31 Mart - Azərbaycanlıların Soyqırımı barədə xəbərsiz idi. 1998-ci ilin martın 26-da Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 31-mart Azərbaycanlıların soyqırımı günü elan edildi". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, bununla bağlı tarix elmi və eyni zamanda ictimai xadimlər qarşısında məsələnin araşdırılması, Azərbaycan cəmiyyətinin məlumatlandırılması üçün tapşırıqlar qoyulub: "Ötən 15 il ərzində bu istiqamətdə böyük tədqiqatlar aparıldı. Məsələ öyrənilərək tarixi faktlarla zənginləşdirildi. Hər il bu hadisə Azərbaycanda və dünyada qeyd edilərək hər bir kəsə geniş məlumat verilir. Həmçinin bu soyqırımın keçirildiyi yerlərdə həlak olanların xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər görülür. Qubada məzarlıq aşkar edilərək, onun qorunması üçün böyük bir kompleks tikilib. Xarici qonaqlar, o cümlədən yerli sakinlər bir başa olaraq bu qırğınla tanış ola bilirlər. 1918-ci ildə Şamaxıda erməni hərbi birləşmələri insanları Cümə məscidinə dolduraraq yandırıblar. Həmin məscid bərpa edilir, genişləndirilir. Həmçinin bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə geniş məlumatlar verilir. Müxtəlif dillərdə bununla bağlı kitablar çıxarılır. Dünya ictimaiyyəti soyqırımla bağlı məlumatlandırılır. Təsadüfi deyil ki, ABŞ-ın iki ştatı soyqırımını rəsmi surətdə tanıyıblar. Görülən işlər nəticəsində hər kəs bu hadisələr barədə məlumatlıdır. Vaxtaşırı ayrı-ayrı xarici arxivlərdə soyqırımla bağlı materiallar aşkarlanır. Bu da təsadüfi deyil, çünki həmin illərdə Avropa ölkələrinin Bakıda və regionda nümayəndələri vardı. Həmçinin burada xarici jurnalistlər fəaliyyət göstərirdilər. Onlar da görüb eşitdiklərini öz hökumətlərinə və ictimaiyyyətlərinə çatdırırdılar. Həmin arxiv materiallarının araşdırılması və Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində işlər görülür. Ancaq bu işlər başlanğıcdadır və durmadan davam edir".