"Xətdə" Sosial Şəbəkə Akademiyası çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlaşmasına müvafiq olaraq, 40-dan çox şəhər və rayonda sosial şəbəkələr üzrə təlimlərə start verilir. SİA-nın məlumatına görə, "Xətdə" Sosial Şəbəkə Akademiyasının multiplayerləri tərəfindən keçiriləcək təlimlərdə dünyanın ən böyük sosial şəbəkələri "facebook", "twitter", eləcə də "youtube"-dan istifadə və bloqçuluğa geniş yer ayrılacaq. Təlimlər zamanı iştirakçılar "sosial şəbəkələrin yaranması, mahiyyəti və fəlsəfəsi", "sosial şəbəklərdən düzgün istifadə alətləri", "sosial şəbəkələr vasitəsi ilə biznesin inkişafı və PR" və başqa mövzularda praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər.
Aprel ayının ilk həftəsində yerli İcra Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə Bakı, Gəncə, Lənkəran, Şəki, Biləsuvar, İsmayıllı, Mingəçevir, Yevlax, Qusar, Səlyan, Neftçala şəhərləri, Oğuz və Göygöl rayonlarında təlimlərin keçirilmısi planlaşdırılır. Təlimlər haqqında ətraflı məlumat almaq və qoşulmaq üçün http://www.facebook.com/events/177553555727793/ ünvanına daxil ola bilərsiniz.
Qeyd edək ki, "Xətdə" Sosial Şəbəkə Akademiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Layihənin məqsədi region gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır.