“Türkiyə tərəfi işğalçı ölkə ilə razılığa gəlməməlidir”

30 Mart 2013 15:10 (UTC+04:00)

"Türkiyənin əvvəldən də vəd etdiyi kimi son illər öz sözünü tutaraq Ermənistan tərəfi ilə hər hansı bir əlaqə qurmaması olduqca vacib məsələdir. Ermənistanla Türkiyə arasında hava nəqliyyatının bərpa edilməsi işğalçı ölkə üçün çox səmərəli ola bilər. Ermənistanın hava nəqliyyatı ilə çıxış imkanları çox məhduddur və bununla belə qondarma dövlət Türkiyə vasitəsilə Avropaya yol tapmaqda maraqlı bir ölkədir". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin bərpa edilməsinə münasibət bildirərkən deyib.

V.Bayramov hesab edir ki, Ermənistanla Avropanı birləşdirəcək yeganə vasitə məhz Türkiyə dövlətidir: "Ermənistan bu sərhədlərin açılmasından maksimum yaralanmağa çalışır və öz iqtisadi imkanlarının artacağını düşünür. Bu hava uçuşlarının bərpa edilməsi həmçinin gələcəkdə Ermənistanla Türkiyə arasında əlaqələrin inkişafına gətirib çıxara bilər. Belə olan təqdirdə Türkiyə tərəfi işğalçı ölkə ilə hər hansı bir hava dəhlizinin açılmasına razılıq verməməlidir. Azərbaycan qardaş ölkə üçün çox mühüm strateji əhəmiyyətə malikdir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 77 faizi ölkə iqtisadiyyatının payına düşür. Ölkəmiz Cənubi Qafqaz büdcəsinin təxminən 80 faizini təşkil edir. İqtisadi baxımdan Ermənistanla münasibətlərin bərpa edilməsi Türkiyəyə hər hansı bir divident vermir. Məlumdur ki, işğalçı ölkənin iqtisadiyyatı çox kiçikdir və alıcılıq qabiliyyəti olduqca zəifdir. Burada Türkiyənin itirəcəyi çox şey vardır. Bu gün Türkiyənin həm enerji təhlükəsizliyinin formalaşmasında həmçinin onun regionda rolunun artmasında və s. ölkəmizin rolu danılmazdır. Azərbaycan qardaş ölkədə ən çox investisiya həyata keçirən ölkələrdən biridir".