Hər il 24 aprel tarixi yaxınlaşdıqca dünyadakı erməni diasporu qondarma "soyqırımı" qeyd etməyə, dünya ölkələrinin parlamentlərində və hakim dairələri arasında təbliğat kampaniyalarını gücləndirməyə başlayırlar.
Uydurduqlarına özləri belə inanmır
Bəzi dünya ölkələrinin rəsmən tanıdığı bu qondarma "soyqırımı"nın əsl mahiyyətini, bəhs edilən dövrdə baş verən hadisələri və erməni yalanlarını isə ifşa edəcək kifayət qədər tarixi faktlar mövcuddur. Artıq ermənilər özləri belə uydurduqları yalana inanmırlar. Bu gün ermənilər dərk edirlər ki, onları "Böyük Ermənistan" xülyası ilə qandıran İngiltərə və Rusiya tərəfindən tarix səhnəsinə çıxarılan "erməni məsələsi" əslində imperializmin ötən əsrin əvvəllərində Osmanlı dövlətini yıxmaq və onun ərazilərini paylaşdırmaq siyasətinin bir parçası idi. Qondarma erməni soyqırımı iddiaları və yalanları da bu siyasətin təbliğat məhsuludur. Ac və səfalət içərisində yaşan erməniyə isə nə "soyqırımın" tanınması, nə də Qarabağ lazımdır.
Qul kimi işləməyə məcbur edilirlər
İşğalçı ölkənin İsveçrədəki səfiri, fransız əsilli erməni şansonye Şarl Aznavur Ermənistanın RTC kanalına verdiyi müsahibədə etiraf edir ki, Türkiyənin 1915-ci il hadisələrini "genosid" kimi tanıyıb-tanımayacağı vecinə də deyil.
Əsrin yalanının 100 illiyi ərəfəsində Aznavur kimi tanınmış bir erməninin fikirləri saxta məsələnin təbliğatına ciddi zərbə vurmaqla yanaşı, eyni zamanda Ermənistanda yaşayan əksəriyyətin düşüncəsini ortaya qoyur.
Ermənistan hökumətinin xaricdəki rəsmi təmsilçisi ölkədəki acınacaqlı vəziyyətə də diqqət çəkir: "Ermənistanda vəziyyət yaxşı deyil. Situasiyanı yaxşılaşdırmaq üçün Türkiyə-Ermənistan sərhədləri açılmalıdır. Həmçinin olduqca vacibdir ki, ermənilər onları öz olan-qalanlarını qəpik-quruşa satmağa, qul kimi işləməyə məcbur edən "soyğunçular" qarşısında duruş gətirsinlər".
O, vaxtaşırı Yerevan hakimiyyətini ölkədə iqtisadi-siyasi islahatlar aparmamaqda, Ermənistanı ələ baxan ölkəyə çevirməkdə və maliyyə baxımından diaspordan asılı duruma salmaqda ittiham edir.
Dövlətçilik itirilmə təhlükəsi ilə üzləşib
Ermənistan hakimiyyəti ölkə iqtisadiyyatında guya dirçəliş baş verməsi, işsizliyin sayının getdikcə azalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqda dünya ictimaiyyətinə yalan məlumatlar versələr də reallıq, ortada olan statistika bunun əksini deyir.
Hətta güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalı yazır ki, Ermənistanda gənclərin 60 faizi işsizdir. Dərgidəki məqalədə qeyd olunur ki, ölkə rəhbərliyinin işsizliyin azaldığı barədəki pafoslu məlumatına baxmayaraq, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik azalmaq əvəzinə getdikcə artmaqdadır.
Qeyri-rəsmi məlumatlara görə isə ölkədəki gənclərin 75 faizi işsizdir.
Ermənistanda dözülməz vəziyyətin hökm sürdüyünü ölkənin iqtisadçı ekspertləri, sosioloqlar da etiraf edirlər. Sosioloq Gevork Poqosyanın sözlərinə görə, erməni cəmiyyətinin avtoritarizmdən qurtuluşu çətin olacaq, çünki o, miqrasiya nəticəsində həddən ziyadə zəifləyib: "Ölkədən gedənlər əsasən iqtisadi fəal təbəqə - 18-55 yaş arası kişilərdir. Əminəm ki, Sarkisyanın ikinci prezidentliyi dövründə Ermənistan daha sürətlə boşalacaq".
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan prezident seçkiləri öncəsindəki çıxışlarının birində söyləmişdi: "Əgər Serj Sərkisyanın birinci prezidentliyi dövründə Ermənistanı ildə 50 min adam tərk edirdisə, ikinci müddətdə bu rəqəm 100 minə çatacaq. Belə getsə, ölkə demoqrafik fəlakətlə üzləşəcək və dövlətçiliyini də itirib 1920-ci il dilemması ilə üz-üzə qalacaq. Məhv olmamaq naminə biz sadəcə Rusiya Federasiyasının subyekti və ya assosiativ üzvü kimi bu ölkənin tərkibinə daxil olacağıq".
Sərhədlərini belə Rusiya qoruyur
Ermənilər uydurma soyqırımın, Dağlıq Qarabağın işğalının əslində onlara, regiondakı digər xalqlara deyil, rəsmi Moskvanın maraqlarına xidmət etdiyini anlamağa başlayıblar. Dağlıq Qarabağ ermənilərin boğazına zorla soxuşdurulan bir daş tikəyə çevrilib. Bu tikəni udmaq isə Ermənistana nəinki müyəssər olmayacaq, hətta ölkəni daha böyük faciələrə sürükləyəcək. Hətta Aznavur zaman-zaman Ermənistan rəhbərliyinin daxili və xarici siyasət kursunu sərt tənqid edir. Çünki bu siyasi kurs Ermənistanın yaxın gələcəkdə bir dövlət, ölkə kimi mövcudluğunu şübhə altına salır. Ermənistan iqtisadiyyatı, ölkənin strateji əhəmiyyət daşıyan enerji sistemi faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Artıq aprelin 1-dən Rusiya Ermənistana satılan təbii qazı 40 faiz bahalaşdıraraq min kubmetr üçün 180 dollardan 250 dollara qaldırmağa hazırlaşır.
Dünya Bankının məlumatına görə isə, Ermənistan əhalisinin 38 faizi ifrat yoxsulluq həddində yaşayır. Ermənistan iqtisadiyyatına 2011-ci ildə 39,7 milyon, 2012-ci ildə 40 milyon dollar ianə ayıran ABŞ erməniləri bu il bu yardımdan mərhum edib. Hətta ölkənin sərhədlərini də Rusiya qoşunları qoruyur. Bir sözlə Rusiya öz "dəyənəyindən" istədiyi kimi istifadə etməsi üçün bir çox təzyiq imkanlarına malikdir. Hazırda Ermənistanın yeganə nəfəs ala biləcəyi pəncərə isə İran tərəfindən açılıb. İranın isə vəziyyəti göz qabağındadır. Ter-Petrosyanın dediyi kimi "İran sərhədi bir neçə günlüyə bağlasa, Ermənistan boğular";
Ölkəni idarə edənlər isə xalqın fikrini ölkə daxilindəki ağır sosial iqtisadi durumdan yayındırmaq niyyəti ilə Dağlıq Qarabağ kartından istifadə etdiyi kimi indi də uydurma soyqırımın 100 illiyindən yararlanmaq niyyətindədir. Yəni Ermənistan rəhbərliyi göz görə-görə ölkəni daha ağır günlərə, səfalətə, uçuruma sürükləyir. Sadə erməni üçün gələcəyi qaranlıq olan bir ölkədə yaşamağın arıq bir anlamı qalmayıb.