"Uçuş reallaşsa, müharibə başlayacaq" MÜNASİBƏT

29 Mart 2013 15:57 (UTC+04:00)

"Artıq 3-4 aydır ki, Ermənistan rəhbərliyi bu cür bəyanatlarla çıxış edir. Bu kimi bəyanatlara əhəmiyyət verməyə ehtiyac yoxdu". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın baş naziri Ara Haratunyanın Xankəndi aeroportunda baş tutacaq uçuşlarla əlaqədar verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, əgər Xankəndi aeroportunda uçuşlar reallaşsa, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın müdəalarına uyğun olaraq bunun qarşısı alınacaq: "Bunu Ermənistan tərəfi də başa düşür. Dövlət başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda hər bir vasitədən istifadə edəcək, eləcə də hərbi yolla öz hüquqlarını müdafiə edəcək. Əgər Ermənistan tərəfi bunu bilə-bilə hələ də uçuşları həyata keçirmək niyyətindədirsə, onda müharibənin başlanması da Azərbaycanın yox, Ermənistanın problemidir və nəticələr ağır olacaq. Gərək Ermənistan bu barədə fikirləşsin! Ermənistan bu hadisədən Azərbaycana qarşı təyziq vasitəsi kimi istifadə etməyə çalışır, lakin buna heç vaxt icazə verilməyəcək".

Azərbaycanın hərbi hava sisteminin avtomatlaşdırılmış müdafiə sistemi olduğunu deyən politoloq bildirib ki, uçuşların qarşısını almaq üçün hər hansı əmrə ehtiyac yoxdur: "Azərbaycanın hava sərhədləri pozulsa, avtomatik olaraq həmin obyekt məhv edilir".