Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirlinin SİA-ya müsahibəsi:
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin aprelin ilk həftəsində regiona səfəri planlaşdırılıb. Bu görüşdən gözləntiləriniz nələrdir?
- ATƏT-in Minsk qrupunun həmsədrləri artıq qondarma Dağlıq Qarabağ Respublikasında və Ermənistanda bir sıra görüşlər keçiriblər. Artıq aprelin ilk həftəsində onlar Bakıda olacaqlar. Son dövrlər danışıqlar prosesi tam kəsilmə həddinə çatıb. Çünki prezidentlər səviyyəsində 2012-ci ilin yanvarından bəri bir dəfə də olsun görüş keçirilməyib. Xarici işlər nazirləri səviyyəsində ara-sıra təmaslar olsa da, sonuncu dəfə Parisdə həmsədrlər həm Ermənistan, həm də Azərbaycan xarici işlər nazirlərini görüşə dəvət etsələr də, görüş baş tutmayıb. Bu artıq çox ciddi siqnaldır. Yəni, nəinki prezidentlər, heç xarici işlər nazirləri səviyyəsində də görüşlər baş tutmur. Xüsusilə son vaxtlar ermənilərin Xocalı aeraportunu israrla işə salmaq cəhdləri də danışıqlar prosesinə mənfi təsir göstərir. Belə güman olunur ki, həmsədrlərin növbəti səfəri zamanı daha çox Xocalı aeraportunun işlənmə prinsipləri ilə bağlı təkliflər irəli sürəcəklər. Ancaq bu təkliflər qapalıdır. Yəni onların mahiyyəti açıqlanmır. Özündə nələri ehtiva etdiyi bəlli deyil. Amma istənilən halda Xocalı aeraportunun açılması ilə bağlı mövqe bəllidir. Bu məsələdə həmsədrlər də Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsi və Beynəlxalq Mülki Aviasiya Konvensiyasının prinsiplərinə zidd təkliflərlə çıxış etməməlidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri zamanı əsas diqqətdə saxladıqları məsələ Xankəndində və İrəvanda müzakirə etdikləri Xocalı aeraportu ilə bağlı məsələlər olacaq. Onların səfərlərin arxasında duran növbəti addım xarici işlər nazirlərinin görüşünü təşkil etmək təşəbbüsü olacaq. Buna nə dərəcədə nail olacaqları isə sual altındadır.
- İsrailin Türkiyədən "Mavi Mərmərə" gəmisində baş verənlərə görə üzr istəməsi ABŞ prezidenti Barak Obamanın vasitəçiliyi ilə reallaşıb. Bəs sizin fikrinizcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlərin vasitəçiliyi gərəklidirmi?
- Prinsipcə anologiya aparmaq mümkündür. ABŞ fövqəldövlət, Türkiyə və İsrail onun regionda strateji müttəfiqidir. Bu nöqteyi nəzərdən ABŞ-ın münasibətləri pozulmuş iki müttəfiqini barışdırmaq cəhdini və bunun nəticə verəcəyini proqnozlaşdırmaq mümkün idi. Amma bu anologiyanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə aparmaq çətin məsələdir. Çünki Türkiyə-İsrail qarşıdurmasından söhbət gedərkən, burada da tərəflərin arxasında dayanan ayrı-ayrı güclər yox idi. Yəni Türkiyəni ABŞ, İsraili isə Rusiya müdafiə etmir, nəticə etibarı ilə ciddi fikir ayrılıqları yaranmırdı. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində fərqli bir stiuasiya müşahidə olunur. Çünki burada ABŞ prezidenti münaqişənin həlli istiqamətində eyni addımı atmaq istəsə Rusiyanın təzyiqi ilə qarşılaşacaq. Rusiya ABŞ rəhbərini başa salacaq ki, post sovet məkanındakı proseslərdə Rusiya həlledici tərəfdir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda imzaladığı yeni xarici siyasət konsepsiyasında Rusiyanın xarici siyasət prioritetləri içərisində MBD məkanı birinci yerdə durur. Bunun digər anlamı odur ki, MDB məkanında gedən proseslərdə əsas söz sahibi Rusiya olmalıdır. Bu məsələni də konsepsiyada açıq şəkildə qeyd ediblər. Hesab edirəm ki, ABŞ-ın bu münaqişədə oxşar müvəffəqiyyətə nail olma əmsalı kifayət qədər aşağıdır. Münaqişənin həllində Rusiya ilə ABŞ-ın ortaq məxrəcə gəlməsinə ehtiyac var.
- Aprelin 3-də İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılmasına Türkiyə hökumətinin göz yumması iki ölkə arasında mövcud olan münasibətlərə necə təsir göstərə bilər?
- İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılması məsələsi ikitərəfli münasibətlərə xələl gətirən amildir. Ancaq bəzi hallar var ki, ümidvericidir. Belə ki, Türkiyə prezidenti Abdulla Gülün Litvaya səfəri gözlənilir. Səfər ərəfəsində bəzi millət vəkillərinin təşəbbüsü ilə Dağlıq Qarabağla dostluq qrupunun yaradılması ilə bağlı rəsmi Ankaranın narahatlığı ifadə olunub. Hesab edirəm ki, bu incəliyi dərk edən və qiymətləndirən Türkiyə rəhbərliyi növbəti bir aviareysin açılmasında maraqlı olmamalıdır. Çünki bu aviareysin heç bir iqtisadi əhəmiyyəti yoxdur. Bu, yalnız Azərbaycan -Türkiyə siyasi münasibətlərinə xələl gətirə bilər. Bu məsələdə önə keçən qüvvələr daha çərçivəli maraqdan çıxış edirlər. Yəni, Türkiyə bu gün regionda həlledici dövlətə çevrilib. Türkiyə artıq regional və regiondan kənara çıxan maraqların daşıyıcısıdır. Bu stiuasiyada aviareysin açılması yalnız erməni maraqlarına xidmət edən amil ola bilər. Bu isə Türkiyənin dövlətçilik maraqlarına və dünyadakı statusuna uyğun deyil.