Ermənistan baş verənləri qorxu ilə izləyir

28 Mart 2013 15:33 (UTC+04:00)

Martın 28-də Batumidə Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov, Mayya Pancikidzen və Əhməd Davudoğlunun iştirakı ilə ikinci üçtərəfli görüşü baş tutub. Tədbirdə regional məsələlər, ölkələr arası iqtisadi münasibətlərin inkişaf etdirilməsi, müştərək beynəlxalq layihələr və enerji təhlükəsizliyi məsələləri, ətraf mühitinin qorunması, eyni zamanda nəqliyyat və digər prioritet məsələlər müzakirə olunub. Görüşdən sonra tərəflər arasında yekun protokolu imzalanıb, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilib.

Tarixi əhəmiyyət daşıyan layihələr

Ümumiyyətlə, Türkiyə, Azərbaycan və Gürcüstan bu günə qədər birlikdə tarixi əhəmiyyət daşıyan layihələri həyata keçiriblər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri iyirmi birinci yüzilin ən böyük layihələrindəndir. Bu layihələr bölgənin sabitliyi, bölgə xalqlarının rifahı üçün çox böyük önəm daşıyır, eyni zamanda bütün dünya üçün əhə­miyyət kəsb edir.

Hələ Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev üç ölkə arasındakı sıx əməkdaşlıq münasibətlərindən bəhs edərkən bildirmişdi ki, Gürcüstan, Tür­­ki­yə və Azərbaycan tərəfindən böl­­gə­də başlanmış layihələrin hamısı uğur­la ic­ra olunur. Dövlət başçısı bu əməkdaşlığın çox böyük ta­rixinin olduğuna diqqət çəkmişdi: "Bakı-Tbilisi-Qars layihəsi Azər­baycanın böyük neft-qaz ya­taq­la­rı­nın işlənilməsi nə­ticəsində həyata ke­çirilən neft-qaz kə­mərləri la­yi­hə­lə­ri­nin – Azər­bay­ca­nı Gürcüstan və Tür­ki­yə ilə bir­ləş­di­rən Bakı-Supsa, ondan son­ra Bakı-Tbi­lisi-Ceyhan, ondan son­ra Bakı-Tbi­lisi-Ərzurum layihələrinin mən­ti­qi nəticəsidir. Mən əminəm ki, əv­vəl­ki layihələr nə qədər uğurlu idi­sə, Ba­kı-Tbilisi-Qars da bir o qədər uğur­­lu olacaqdır. Bu, bir daha onu gös­­tərir ki, əgər bizim ölkələrimiz öz si­yasi iradəsini, öz dostluq əla­qə­lə­rini, əmək­daşlıq prinsiplərini or­ta­ya qo­yur­lar­sa, istənilən layihə öz həl­lini tapar".

Şərqlə Qərbi birləşdirən regional mərkəz

Azərbaycan yalnız Şərq ilə Qərbi birləşdirən körpü yox, regional mərkəzə çevrilib. Azərbaycan qazının Türkiyə və Avropaya ixracını nəzərdə tutan TANAP layihəsinin imzalanması da göstərdi ki, Azərbaycansız bölgədə heç bir layihə həyata keçirilə bilməz. Ermənistanın isə bölgədəki layihələrdən, əməkdaşlıqdan kənar qalması onsuz da ağır durumda olan ölkənin iqtisadi, siyasi tənəzzülünü sürətləndirir. Və Azərbaycanın ard-arda reallaşdırdığı uğurlu layihələr Ermənistanı narahat etməyə bilməz.

Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolları ilə birləşdirən Bakı- Tbi­lisi-Qars layihəsinin tezliklə reallaşacağı Ermənistanda qorxu ilə izlənilir. "armenpress.am" agentliyinin bu barədə məqaləsində deyilir ki, layihə Ermənistanın milli təhlükəsizliyi üçün təhdiddir. Agentlik xatırladır ki, Azərbaycan bu layihənin reallaşması üçün Gürcüstana 300 milyon dollar faizsiz kredit ayırıb. Bu layihə Cənubi Qafqazı Türkiyə üzərindən Avropaya birləşdirəcək, daha geniş mənada Asiyadan yüklərin dəmir yolu ilə Azərbaycan və Gürcüstandan keçməklə Avropaya daşınmasına imkan yaradacaq. "Bakı- Tbi­lisi-Ceyhan kimi bu layihə də daha çox siyasidir. Əsas məqsəd odur ki, Ermənistan bölgədən və bütün dünyadan tam təcrid olunsun.

Azərbaycanın mövqeyi dominantdır

"Qeyd etmək lazımdır ki, Ermənistanla Türkiyə, eləcə də Gürcüstanla Ermənistan arasında dəmir yollarını bərpa etmək bu layihədən qat-qat ucuz başa gələrdi. Hazırda bağlı olan Qars-Gümrü dəmir yolu Tbi­lisi-Qars yolundan qat-qat qısadır. Lakin bu üstünlük ikinci plana keçir. İndiki halda Azərbaycanın mövqeyi dominantdır, hansı ki, Türkiyə və təəssüf ki, Gürcüstan da onunla razıdır", - deyə agentlik qeyd edir.

Məqalədə bildirilir ki, Türkiyə, Azərbaycan və Gürcüstan hökumət nümayəndələrinin danışıqlarında elan edilib ki, Bakı-Tbi­lisi-Qars dəmir yolu 2014-cü ildə işə düşəcək. "Ermənistanın ətrafında nəqliyyat həlqəsi qapanır, bizi ancaq İranla quru yolu bağlayır.

Xatırladaq ki, vaxtilə erməni lobbisi Bakı- Tbi­lisi-Qars layihəsini əngəlləmək üçün bütün bacardığını etməyə çalışdı. ABŞ Konqresi erməni lobbisinin təsiri altında Amerika Exİm bankının bu layihəni maliyyələşdirməsini qadağan etdi. Lakin Azərbaycan yolun çəkilməsi üçün Gürcüstana lazım olan vəsaiti ayırdı və beləliklə də Ermənistanı bölgədə daha da təcrid olunmuş duruma salacaq mühüm strateji layihə reallaşmaq üzrədir.

Rəsmi Yerevanın yeganə çıxış yolu

Özünü iqtisadi təcrid vəziyyətinə salan təcavüzkar ölkədə iqtisadi böhran dərinləşir. Ekspertlər hesab edir ki, rəsmi Yerevanın yeganə çıxış yolu işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasıdır.

Ermənistan əhalisi isə gələcəyə inamını itirdiyinə görə ölkəni tərk edir. Rəsmi Yerevan isə siyasi mövcudluğunu saxlamaq üçün yalnız Rusiyaya ümid edir. Bu isə Ermənistanın müstəqil dövlət olmadığını və acizliyini açıq-aşkar göstərir.

Ermənistan hakimiyyət orqanlarının aradabir səsləndirdiyi müharibə əhval-ruhiyyəli bəyanatları, ölkənin millitaristləşdirməsi əhalini öz gənc övladlarını götürərək ölkədən çıxmasına şərait yaradır. Ermənistan əhalisi öz həyatını xaricdə qurmağa üstünlük verir. Mütəxəssislərin hesablamalarına görə, təxminən gələcək 20 il ərzində Ermənistan əhalisiz bir dövlətə çevrilə bilər. Bunun qarşısını almaq üçün Ermənistandan və xaricdən müəyyən dairələr tədbirlər görməyə çalışır. Ancaq bu cəhdlərin nəticəsi yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə bağlıdır.

Regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yaradır. Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu qeyri-konstruktiv mövqe isə həm dövlətin regional inteqrasiya proseslərindən kənar qalmasına, həm də erməni xalqının yaşayışının gündən-günə pisləşməsinə səbəb olur.

Bu dövlət işğalçı siyasətinə görə, çox itkilər verib

Üçtərəfli görüşlərin vacibliyinə toxunan Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, bölgədə hər üç ölkənin ortaq maraqları vardır və bölgənin strateji əhəmiyyət kəsb edən iqtisadi və siyasi xarakterli layihələri vardır ki, bunları yalnız bu üç ölkə birlikdə həll edə bilər: "Batumi görüşü və burada aparılan müzakirələr bütövlükdə Cənubi Qafqaz o cümlədən Türkiyə ərazisi ilə bağlı bəzi iqtisadi xarakterli layihələrin daha intensiv şəkildə həyata keçirilməsinə müsbət təsir göstərəcək".

Ermənistanın bu əməkdaşlıqdan, eləcə də bölgədə həyata keçirilən layihələrdən kənar qalmasına münasibət bildirən YAP rəsmisi deyib ki, Ermənistan işğalçı ölkə olduğundan bu cür layihələrdə iştirak edə bilməz: "Məlumdur ki, bu dövlətin bu kimi layihələrdə iştirakı o zaman mümkün ola bilərdi ki, Ermənistan işğal olunmuş torpaqlardan çıxsın və sülh sazişi imzalasın. Batumidə bundan əvvəl keçirilən görüşlərdə də iqtisadi xarakteri forumlarda da Ermənistan heç dəvət belə olunmayıb. İşğalçı ölkəyə bunun ziyanı ilə bağlı məsələyə gəldikdə isə deyə bilərəm ki, bu məsələ açıq-aşkar ortalıqdadır. Bunu Ermənistan tərəfi artıq gizlədə də bilmir. Həmin layihələrdən kənarda qalmaq işğalçı ölkənin iqtisadiyyatına ağır zərbə vurub. Bu gün qondarma dövlətin iqtisadiyyatı faktiki olaraq çökmə həddinə gəlib çatıb. Hər il bu ölkədən 100 min nəfər Ermənistan vətəndaşı mühacirət edir. Bu dövlət işğalçı siyasətinə görə, çox itkilər verib və verməkdədir də. Gələcəkdə də Ermənistan bu kimi layihələrdə heç bir zaman iştirak edə bilməz. Bildiyiniz kimi Azərbaycan istənilən beynəlxalq sənədi imzaladıqda Ermənistanla əlaqədar orada qeyri-şərt yazır".