Mübariz Əhmədoğlu: “Ukrayna Azərbaycandan qaz istəyirsə, Rusiyanın gücünü minimuma endirməlidir”

27 Mart 2013 13:13 (UTC+04:00)

"Azərbaycan bütün gücünü Dağlıq Qarabağ münaqişəsinə yönəltməlidir. Ölkəmiz üçün hədəf bu ilki prezident seçkiləri deyil, Qarabağ məsələsidir". Bu sözləri Siyasi İnnovasiya və Texnolgiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi tədbirdə səsləndirib.

Onun sözlərinə görə, 2013-cü il Qarabağ ili olmalıdır: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, bu il kosmik dövlətə çevrilmişik. Dünya öz dərdini və problemlərini Bakıda həll edir. Bakı mərkəzə çevrilib. İndiki gücümüz imkan verir ki, minimal imkanla Qarabağı azad edək. Ermənistanın daxilində heç bir proses onun güclü olduğuna dəlalət etmir. Müəyyən qüüvvələri çıxmaq şərtilə, ölkəmizdə tam sabitlikdir. Ətraf dövlətlərdə olanları müqayisə etsək, əhalinin sosial iqtisadi vəziyyətini baxsaq, hər şey aydın görünür. Bir sözlə hər kəs paralel sürətlə qüvvəsini Qarabağ məsələsinə yönəltməlidir".

M. Əhmədoğlu deyib ki, Qarabağ münaqişəsində irəliləyişə nail olmaq üçün Ukrayna həmsədr dövlət kimi çalışmalıdır: "Əgər Ukrayna Azərbaycandan qaz istəyirsə, var gücü ilə çalışmalıdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın gücünü minimuma endirsin. Elə mexanizmlər ortaya qoymalıdır ki, Dağlıq Qarabağ münaqişəsi ya həll olunsun, ya da bu istiqamətdə dönüş yaransın".

Elvin Abdulqədirov