Suriya böhranı: yeni ziddiyyətlərin kəskinləşməsi

27 Mart 2013 12:54 (UTC+04:00)

Yaxın Şərq regionunda geosiyasi mənzərə mürəkkəb olaraq qalır. Böyük dövlətlər həm Suriya iqtidarını, həm də müxalifəti silahlandırırlar. Ancaq heç biri bunu açıq etiraf etmir. Müharibə isə hər gün daha çox dinc insanın həyatına son qoyur.

Müxalifətin parçalanması

Suriyada vəziyyət daha da mürəkkəbləşib. Ölkədə silahlı toqquşmalar səngimir və Qərbin proqnozlarının əksinə olaraq prezident Bəşər Əsədin rejimi çökmür. Əslində, hazırda durumu mürəkkəbləşdirən məqamlar B.Əsədin hakimiyyətdə qalmasından çox, müxalifət sıralarında baş verənlərlə bağlıdır.

Rəsmi Dəməşqə qarşı silahlı mübarizə aparan müxalif qrupların tərkibi yekcins deyil. İndi onların iki qrupa bölündüyü haqqında informasiyalar yayılır. Bir neçə qrup İnqilabi və Müxalif Qüvvələrin Milli Koalisiyası (İMQMK) adı altında birləşiblər və dünyəvi dövlət tərəfdarlarıdırlar. Onları Qərb qəbul edir. Liderləri Muaz əl-Hatibdir. Digər qruplar isə Suriya İslam Cəbhəsini (SİC) yaradıblar. SİC-in tərkibində radikal dini qruplaşmalar var. Məsələn, onların ən güclü qrupu, ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı "Cəbhət ən-Nusra"dır. "Wall Street Journal" nəşrinin məlumatına görə, həmin qrup artıq ölkənin şimalında bir neçə iri hərbi bazaya və Suriyanın ən böyük su-elektrik stansiyasına nəzarət edir.

Bunlarla yanaşı, ölkədə kürd silahlı qruplaşmalarının fəallığını unutmaq olmaz. Onların da proseslərə kifayət qədər təsir etmək imkanları var. Əlavə olaraq, kürdlər Qərbdən, İrandan və Avropadan dəstək görürlər. Son məlumatlarda bildirilir ki, Suriya kürdlərinin iraqlı M.Bərzaninin himayəsinə keçmək niyyətləri yoxdur. Yəni onlar müstəqil siyasi güc kimi ölkədə fəaliyyət göstərməyə qərar veriblər. Lakin məsələ ondan ibarətdir ki, Azad Suriya Ordusu ilə kürd silahlı qrupları arasında (əsasən PKK-ya yaxınlığıyla seçilən PYD – Demokratik Birlik Partiyası ilə) Suriyanın Türkiyə ilə sərhədinə yaxın bölgələrdə savaş başlayıb. PYD muxtariyyət tələb edir. Bununla da müxalif qüvvələr arasında parçalanma silahlı toqquşmalarla müşayiət olunur.

Problem kürd silahlı qruplarının separatçı davranışları ilə məhdudlaşmır. "Əl-Qaidə" və "Müsəlman qardaşları"na yaxın hesab edilən radikal dini qruplar da fəaldırlar. Ölkənin müxtəlif bölgələrinə onlar nəzarət edirlər. Həmin qrupların hər biri öz ideoloji baxışına uyğun dövlət qurmaq məqsədi güdür.

Belə görünür ki, radikal dini qruplar arasında ortaq mövqe yoxdur. Onların bir-birindən fərqlənən dövlətçilik təsəvvürləri vardır. Dini qruplar öz aralarında dialoqa getmək istəmirlər. Ayrılıqda hər biri ölkədə mütləq hakimiyyətə nail olmaq niyyətindədirlər. Bu məqam vəziyyəti daha da ağırlaşdırır.

"Düşmənimin düşməni dostumdur"

Radikal dini qruplara bəzi xarici ölkələr silah satırlar və bu, əsasən, müsəlman ölkələridir (Fars körfəzi ölkələri). Buradan belə qənaətə gəlmək olar ki, bəzi müsəlman ölkələr Suriyada məzhəblərarası münasibətləri qızışdırırlar. Onlar həm İslamı siyasiləşdirir, həm də insanlar arasında təfriqə salırlar. Konkret olaraq şiə və sünni məzhəbinə mənsubluq siyasi müstəvidə düşmənçilik kimi təqdim edilir. Adətən bu cür təsəvvürlər hər hansı dialoqa, kompromisə, eyni dindən olanların birləşməsinə imkan vermir. Müsəlman dövlətlərin dindaşlar arasına məzhəb mənsubluğu əsasında nifaq salmaları çox təhlükəlidir. "Düşmənimin düşməni dostumdur" prinsipinin ümumiyyətlə, İslam dünyasını zəiflətdiyini dərk etmək lazımdır.

Digər tərəfdən, Rusiya rəsmiləri Suriya müxalifətinə müxtəlif mənbələrdən silah satılması haqqında informasiyalara malik olduqlarını bəyan ediblər. Bununla bağlı "Exo Moskvı" radiosunun müxbiri Fransa prezidenti Fransua Ollanda sualla müraciət edib. F.Olland Suriya müxalifətinə ümumiyyətlə silah satıldığını desə də, bunu Fransanın etmədiyini vurğulayıb. Eyni zamanda, bundan sonra da həmin qruplaşmalara silah satılmasının davam edəcəyini deyib.

Ekspertlər burada gizli məqsədin mövcudluğundan şübhələnirlər. Onlar Qərbin bəzi dövlətlərinin bilərəkdən müsəlmanlar arasına nifaq saldığını deyirlər. Bəzi dairələr müxtəlif radikal dini qruplara silah sataraq, Suriyada müharibəni alovlandırırlar. Eyni zamanda, müsəlmanların vahid cəbhədə birləşməsinə əngəl törədirlər. Əgər bu proses uzun müddət davam etsə, perspektivdə orada siyasi qüvvələrin birləşə biləcəyi böyük şübhə doğurur.

Məsələnin digər tərəfi geosiyasi faktorlarla əlaqəlidir. Suriyada İslami dini qruplar arasında düşmənçiliyin dərinləşməsi, müsəlmanların siyasi şüuruna ciddi zərbədir. Hazırda dünya miqyasında siyasi meydanda İslam dəyərlərinə əsaslanan partiyaların fəallığı artıb.

Dini radikalizmi və fundamentalizmi alovlandırmaqla bu prosesin qarşısını almağa çalışırlar. Müsəlmanlar öz aralarında məzhəb savaşı apardıqca, qlobal miqyasda siyasi mövqeləri zəifləyir. Hətta bütövlükdə İslam dəyərlərinə əsaslanan siyasi hərəkatın iflasa uğraması mümkündür. Bu da müsəlmanların sosial-mədəni inkişafında qeyri-müəyyənlik yarada bilər.

Belə görünür ki, Suriyadakı radikal dini qruplara silah satıb, onları gücləndirmək əslində İslam dünyasına ciddi ziyan verə bilər. Bu səbəbdən onlara silah satanların kimliyindən asılı olmayaraq, müsəlmanlara zərbə vurduğunu qəbul etmək gərəkdir.

Əl-Hatib: Əsəd hakimiyyətdən getməlidir

İMQMK liderinin bu sözləri fonunda Suriya müxalifətinin parçalanması nonsens təsiri bağışlayır. Çünki bu halda faktiki olaraq ölkədə heç bir problem həll edilmir. B.Əsədsiz belə, Suriyada bir-biri ilə müharibə etməyə hazır olan kifayət qədər qruplar mövcuddur. Üstəlik, böyük dövlətlər Suriya məsələsində ortaq mövqeyə gələ bilmirlər. Bunu Fransa prezidentinin fevralın 27-28-də Rusiyaya səfəri zamanı V.Putinlə apardığı danışıqlar da təsdiq etdi.

Moskva və Paris Suriya ilə əlaqəli fikir ayrılıqlarının mövcud olduğunu açıq ifadə edir. Əsas problem ölkədə kimlərin və hansı model üzrə hakimiyyətə gəlməsi ətrafında yaranıb. Fransa B.Əsədin qeyd-şərtsiz hakimiyyətdən getməsində israr edir. Rusiya isə hazırkı Suriya prezidenti ilə müxalifətin dialoq aparması zəruriliyini vurğulayır.

Qərb hesab edir ki, Dəməşqin müxalifətlə danışıqlar aparmasını V.Putinin qəbul etməsinin özü irəliləyişdir. Buna baxmayaraq, Qərblə Rusiya məsələnin həllində prinsipial razılıq əldə edə bilmirlər. Tərəflər bir-birini silah satışında ittiham edirlər. Qərb Suriya iqtidarına Rusiya və İranın silah satdığını bildirir, Moskva isə əks tərəfi müxalifəti silahlandırmaqda günahlandırır.

"Suriyanın dostları" qrupunun Romadakı toplantısı bu cür qarşılıqlı ittihamların olduğu bir vaxtda baş tutdu. Orada müxalifətə yardım etmək qərara alınıb. Qəbul edilən yekun sənəddə isə Suriyadakı siyasi müxalifətə dəstək verilməsi məsələsi xüsusi qeyd edilib. Tədbirdə iştirak edən ABŞ-ın dövlət katibi C.Kerri ölkəsinin müxaliflərə 60 milyon dollarlıq yardım paketi ayıracağını söyləyib. Lakin bunun silah satmaqla heç bir əlaqəsi olmadığını qeyd edib. Amerika yalnız humanitar sahəyə yardım etməyi düşünür.

Bu məqam tədbirdə iştirak edən Suriya müxalifəti nümayəndələrini qane etməyib. Onlar Qərbi passivlikdə günahlandırıblar. Muaz əl-Hatib B.Əsəddən ciddi surətdə hakimiyyətdən getməsini tələb etmək vaxtının gəldiyini söyləyib. Belə məlumat var ki, İMQMK İstanbulda B.Əsəd hökumətinə alternativ olan Suriya hökuməti yaratmağı planlaşdırıb. Sonra onu dünyada tanıtmağa başlayacaqlar. Onu da deyək ki, Türkiyə də Qərbin Suriya məsələsində tutduğu mövqedən tam razı deyil. Romadakı tədbirdən sonra xarici işlər naziri Əhməd Davudoğlu vurğulayıb ki, Suriyaya milyardlarla dollar yardım gərəkdir (Suriyeli muhaliflere ABD’den ilk yardım, www.milliyet.com.tr, 1 mart 2013).

Bütün bunlar Suriya probleminin həllində hələ də qeyri-müəyyənliyin qaldığını göstərir. Böyük dövlətlər öz maraqlarından çıxış edərək, dinc insanların həlak olması qarşısına qətiyyətlə sədd çəkmək istəmirlər. Əksinə, həm rəsmi Dəməşqə, həm də siyasi müxalifətə yardımları artırırlar. Bu o deməkdir ki, ölkədə silahlı qarşıdurma daha şiddətli səviyyəyə qalxa bilər.

İndi böyük dövlətlər arasında region uğrunda mübarizə yeni müstəviyə keçib. Bu prosesin qonşu bölgələrə yayılmayacağına təminat yoxdur. Həmin kontekstdə ekspertlər yaxın gələcəkdə İran məsələsinin kəskinləşəcəyini proqnozlaşdırırlar. Bundan başqa, bəzi dövlətlərin regional lider olmaq iddiası vəziyyəti xeyli gərginləşdirir. Məsələn, hətta kiçik Qətər belə bölgənin hakimi olmağa cəhd edir.

Bu cür ziddiyyətlərin Suriyaya təsir etdiyi bir vaxtda böyük dövlətlərin ciddi tədbir görməməsi regionu fəlakətə sürükləyir. Görünür, heç kəs risk etmək istəmir. Çünki məsələ bütövlükdə Yaxın Şərqdə geosiyasi nizamın yeniləşməsinə bağlıdır. Burada hərbi müdaxilənin də riskli olduğunu nəzərə almaq lazımdır.

Məsələ ondan ibarətdir ki, NATO-nun proseslərə birbaşa təsir etməsi halında yalnız B.Əsəd deyil, İran və ona dəstək verən "Hizbullah" savaşa başlaya bilər. Əlavə olaraq, İsrailə qarşı yeni müharibənin olmayacağına təminat verən yoxdur. Belə çıxır ki, Suriyadakı hadisələrə kənardan aktiv müdaxilə etməklə prosesləri passiv müşahidə eyni dərəcədə təhlükəlidir.

Belə şəraitdə humanitar fəlakətin davam etməsi fonunda B.Əsəd rejiminin məğlub olmasını gözləməkdən başqa yol qalmır. Bundan sonra isə ölkənin dini və etnik əlamətlərə görə parçalanması mərhələsi gələ bilər. Həmin prosesin İraq, Livan və İordaniya kimi dövlətlərə də təsir etməsi istisna deyil (daha ətraflı bax: Joschka Fisher. The Arab Revolutions’ Raelity Check, www.project-syndicate.org, 27 fevral 2013). Başqa sözlə, Yaxın Şərq yeni ziddiyyətlər burulğanına düşə bilər. Lakin həmin regiona qonşu olan bölgələrə bunun mənfi təsirinin olmayacağını demək də çox çətindir.

Kamal Adıgözəlov