"Qarabağ" Premyer Liqanın XXIV turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, milli komandalara göndərdiyi 10 futbolçusu olmadan çalışan Ağdam təmsilçisi günü tək məşqlə keçirəcək. "Qarabağ" klubunda milli futbolçularla yanaşı, zədəli futbolçuların durumu barədə də xəbər var. "Turan"la yoxlama görüşündən öncə zədələnən İlqar Qurbanovun əzələ yüklənməsindən yaranmış problemi aradan qalxmaq üzrədir. İ.Qurbanov sabahdan etibarən kollektiv çalışmalara başlayacaq. "Qarabağ" klubunun daha bir zədəli futbolçusu Branimir Subaşiç isə fizioterapevt nəzarətində fərdi çalışmaqla kifayətlənir.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu martın 30-da saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.