Avropa İttifaqının Ermənistandan tələbi nə oldu?

21 Mart 2013 15:31 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin başçısı Trayan Xristea bu gün bəyan edib ki, Aİ yenidən Ermənistanı "Metsamor" Atom Elektrik Stansiyasının (AES) istismarını mümkün qədər tez dayandırmağa çağırır. SİA-nın məlumatına görə, Ermənistana dair "Avropa Qonşuluq siyasəti" hesabatını təqdim edən Xristea qeyd edib ki, AES-in gələcəkdə istismarı məsələsi Ermənistan-Aİ münasibətlərinin gündəliyində olan əsas mövzulardan biridir.

"AES-in istismarı bizi narahat etməkdə davam edir. Biz atom stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı tez bir zamanda proqramın hazırlanması üçün dəfələrlə Ermənistan hökumətinə müraciət etmişik", - diplomat deyib.

Xristea həmçinin qeyd edib ki, AES-in istismarı dayandırıldıqdan sonra Aİ Ermənistanın enerji təhlükəsizliyini təmin etmək üçün ölkə rəhbərliyi ilə alternativ qərarları müzakirə etməyə hazırdır.