Qətlin üstü isti izlərlə açılıb

19 Mart 2013 17:18 (UTC+04:00)

Martın 18-də saat 20 radələrində Neftçala şəhər sakini, 1989-cu il təvəllüdlü Aydın Əsgərov çoxsaylı kəsici-deşici xəsarətlərlə Neftçala mərkəzi rayon xəstəxanasına daxil olmuş və aldığı xəsarətlərdən orada ölüb. SİA-ya Baş Prokurorluqdan verilən məlumata görə, hadisə ilə əlaqədar məhkəmə-tibb ekspertinin iştirakı ilə rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə, meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Neftçala rayon sakini Rüfət Bağırov tərəfindən törədilməsi müəyyən edilmiş və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, R.Bağırov qeyd edilən tarixdə saat 20 radələrində rayonun Kürkənd kəndi ərazisində tanışı Aydın Əsgərovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.