Azərbaycan xalqının ən əziz bayramı olan Novruzun yurdumuza qədəm qoyması münasibətilə hər il olduğu kimi bu il də martın 19-da Bakıda ümumxalq şənliyi keçirilib. SİA-nın məlumatına görə, qədim Qız qalasının qarşısındakı meydandan başlayaraq Dənizkənarı Milli Parkda tədbir baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə Azərbaycanın 30-dan artıq rayon və şəhərlərinə xas olan şirniyyat növləri, xalçalar, mətbəx və mədəniyyət nümunələri, regionların adət-ənənələrinə uyğun folklor nümunələri nümayiş etdirilib.
Tədbir çərçivəsində rayondan gələrək nümayiş olunan bəzi məhsulların satışı da təşkil olunub və istənilən şəxs hər hansı bir regiona xas olan məhsulu əldə edə bilib. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutmuş, idmançılar məharətlərini göstəriblər.
Dənizkənarı Milli Parkda, həmçinin incəsənət ustalarının iştirakı ilə şəhər sakinlərinə və qonaqlara bayram konserti təqdim edilib.
Qeyd edək ki, tədbir axşam saat 21:00-dək davam edəcək.