"Dövlət tədbirlərinə çağırılmamağımızla bağlı məktubu Prezident Adminstrasiyasına göndərmişəm. Sualıma cavab axtarıram. Niyə məndən yaxşısını tapıb ora qoymursunuz? Hansı ki, həmin sahədə olan insanlar ən azından personajların əsas spesifik keyfiyyətlərini bilməlidir". SİA-nın məlumatına görə, bunu açıqlamasında Kosa obrazı ilə tanınan Qafar Novruzlu dövlət tədbirlərindən çıxarılmasına münasibət bildirərkən deyib.
"Bütün qurumlara ünvanladığım məktubların cavabı gəlib. Ancaq Mədəniyyət və Turizm Nazirliyinə iki dəfə məktub göndərmişəm və hələ də cavab ala bilməmişəm. Niyə bizə qarşı belə biganə yanaşırlar? Tədbirlərə dəvət olunmamağımızın səbəblərini bilmək istəyirik. Saytlara müsahibə verirlər ki, guya onlar suallarımızın cavabını Kosa və Keçələ göndəriblər. Burdan onlara demək istərdim ki, biz hələ də cavab almamışıq. Bizə heç nə gəlməyib",- deyə o fikirlərinə əlavə edib.
Q.Novruzlu həmçinin bildirib ki, Novruz bayramının əsas atributlarından sayılan Keçəl və Kosa obrazının klounlaşdırılması düzgün deyil: "Demirəm ki, məndən yaxşısı yoxdur, təbii ki var. İndiki Kosa və Keçəllərin çoxu Novruz bayramının tarixi haqqında heç nə bilmirlər. Bəlkə də Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin əksəriyyəti də bu haqda heç nə bilmir. Bu işə barmaq qoyanların kim olduğunu bilmirəm. Digər sahələrdə olduğu kimi bu sahənin insanları üçün müsabiqə təşkil edə bilərlər. Fikrim gənclərin işinə mane olmaq deyil. Sadəcə, bu rolu düzgün oynaya bilməyənlərin bu sahədə nə işi var?!".