1965 müraciət

19 Mart 2013 11:28 (UTC+04:00)

Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib. DMX-dən SİA-ya daxil olan məlumata görə, 11.03.2013-15.03.2013-cü il tarixlərdə Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 883 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 89 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1 nəfər əcnəbinin isə Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub. Bundan başqa, 770 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 23 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin inzibati qanun pozuntusuna yol vermiş əksəriyyəti Gürcüstan vətəndaşı olmaqla 309 nəfər İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilib.

Ümumiyyətlə, həftə ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1965 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.