Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ötən gün Respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilən buraxılış imtahanlarının nəticələri martın 19-dək elan olunacaq. SİA-nın məlumatına görə, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Respublika üzrə 29 imtahan mərkəzində baş tutan imtahan saat 12:00-da başlanıb və 2 saat müddətində aparılıb.
Bütün mərkəzlərdə imtahan prosesi təlimata uyğun aparılıb, iştirakçıların təqdim olunmuş test tapşırıqları üzrə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən 28 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürmə hallarına görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.
Qeyd edək ki, müxtəlif binalarda imtahana buraxılış zamanı 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb. Hal-hazırda TQDK-da baş verən bu qayda pozuntusuna görə müvafiq araşdırma aparılır.