"Van-İrəvan aviareysinin açılması Ermənistan-Türkiyə hava sərhədlərinin açılması anlamına gəlir". Bunu SİA-ya açıqlamasında Musa Quliyev deyib.
Onun sözlərinə görə, Van-İrəvan aviareysinin açılması Ermənistan-Türkiyə münasibətlərinin yumuşaldılması anlamına gəlir: "Van-İrəvan aviareysinin açılması Azərbayucan-Türkiyə münasibətlərinə təsir göstərə bilməz. Ancaq bu məsələyə Türkiyə ictimaiyyətinin təpki göstərməsi lazımdır ki, bu kimi addımlardan vaz keçsinlər. Türkiyə Azərbaycan üçün qardaş dövlətdir. Buna baxmayaraq Türkiyənin də öz siyasəti var. Hər halda bu aviareyslərin iqtisadi layihə olmadığını Türkiyə də, Azərbaycan da yaxşı başa düşür. Bu addımların atılmasında ermənilərə bağlı güclərin Ermənistana dəstəyi, Türkiyəyə təzyiqləri var. Özlüyündə Türkiyənin bu kimi addımlar atması Azərbaycana yaxşı heç nə vəd etmir. Bundan əlayə nəzərə almaq lazımdır ki, İstanbul-İrəvan aviareysləri artıq neçə illərdir ki, fəaliyyət göstərir. Van-İrəvan aviareysinin açılması ilə Türkiyə Ermənistanla münasibətləri istiləşdirməyə çalışır. Bu baxımdan Türkiyəni anlamaq olar. Çünki 2015-ci il qondarma erməni soyqırımının yüzilliyi gəlir. Ona görə də Türkiyəyədə müəyyən təzyiqlər var. Amma Türkiyə nəzərə almalıdır ki, Ermənistanın onun ərazilərinə olan iddialarının heç biri aradan qalxmayıb. Ermənilər Türkiyəni nə qondarma soyqırımda suçlamaqdan, nə də ki, ərazilərinə olan iddialarından da əl çəkiblər. Hər halda Ermənistanla hər hansı bir əməkdaşlıq Azərbaycan tərəfindən anlaşılmazlıqla qarşılanır. İstənilən layihə Ermənistana siyasi dəstək anlamına gəlir".