Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. SİA-nın məlumatıan görə, bu işlər paytaxtımızın paytaxtı sayılan Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanıb və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.
Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən qəsəbələrdə, istirahət parkları, həyətlər, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun qəsəbə mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanıb.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılıb. Bu qəbildən olan ailələrin bayrama tədarük işlərində Səbail rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilərin könüllü dəstəyi ilə əziz bayram münasibəti ilə rayonda yaşayan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunub.
Novruz bayramı tədbirləri çərçivəsində rayonda keçirilən tədbirlərdən biri Bayıl yaşayış sahəsindəki "Bakı gecələri" restoranında Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara, Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və "Sodrucestvo" cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak edib idarə və təşkilatların, iş adamlarının, xeyriyyəçilərin nümayəndələrinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq, onları sevimli Novruz Bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilib ki, hazırda rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağıdır və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat aparıb və böyük konsert proqramı təşkil ediblər.
Əziz bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə - şəhid, əlil, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və təşkilatçıların nümayəndələrinin iştirakı ilə növbəti 2 gün ərzində ümumilikdə 3500-dən çox ailəyə təqdim olunacaq.
Y.Allahverdiyev Novruz ərəfəsində xalqımıza qədimdən xas olan xeyirxahlıq keyfiyyətlərini rəhbər tutan rayonun iş adamları və xeyriyyəçilərin aztəminatlı ailələrin ehtiyaclarına ənənəvi olaraq yardımçı olduqlarını xüsusi olaraq qeyd edib. O, bildirib ki, bayram tədbirləri rayonun qəsəbələri, yaşayış sahələri və rayonda yerləşən hərbi hissələrdə də keçiriləcək.
Tədbirdə çıxış edən iş adamları, ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.