"Hesabat ilində ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, neft strategiyasının davam etdirilməsinə xüsusi önəm verilib". SİA-nın məlumatına görə, baş nazir Artur Rasizadə parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib ki, elektrik enerjisi mənbələrinin genişləndirilməsi və səmərəliliyinin artırılması, paylayıcı şəbəkələrdə elektrik xətlərinin və yarımstansiyalarının tikintisi və yenidən qurulması ilə bağlı zəruri layihələr icra olunur.
"Dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Türkiyə Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsi haqqında qərar qəbul edilib. Bu və həyata keçirilən digər layihələr Azərbaycanın Avropa ölkələrinin təbii qazla təchiz edilməsindəki rolunu artıracaq",- deyə o fikirlərinə əlavə edib.
Baş nazir həmçinin vurğulayıb ki, ərzaq təhlükəsizliyi üzrə 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramının ardıcıl icrası ilə bağlı məsələlər yenə də hökumətin diqqət mərkəzində olub: "Keçən il kənd təsərrüfatında ümumi məhsul istehsalı 6,6 faiz artıb, sahənin əsas məhsullarının istehsalında və emalında yüksək nəticələr əldə edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, damazlıq heyvanlarının alınması və digər dövlət dəstəyi tədbirləri bu nailiyyətlərə öz töhfəsini verib".
Ərzaq məhsulları ilə təminatda idxaldan asılılığın azaldılması məqsədi ilə yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri yaradılmış, taxıl anbarları və soyuducu kameralar tikilərək istifadəyə verildiyi deyən A. Rasizadə qeyd edib ki, ölkədə ərzaq buğdasına olan daxili tələbatın ödənilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarında iri pilot taxılçılıq təsərrüfatı yaradılıb: "Hazırda digər rayonlarda da belə təsərrüfatların yaradılması istiqamətində işlər aparılır. Dövlət büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər hesabına meliorasiya və su təsərrüfatı kompleksində genişmiqyaslı meliorativ layihələr həyata keçirilir. Bunların sırasında ən iri layihələrdən olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisini və gələcək faydasını xüsusi qeyd etmək istərdim".