“İnsan alveri və zorakılığa yox deyək!”

14 Mart 2013 18:50 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "İnsan alveri və zorakılığa yox deyək!" mövzusunda mədəni-kütləvi aksiya keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin tələbələrindən ibarət 250-ə yaxın gənc iştirak edib.

Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov açaraq bildirib ki, çağdaş dünyamızın ən ciddi və ağrılı problemlərindən biri də insan alveri və zorakılıqdır. Bugünkü tədbirin əsas məqsədi bura toplaşan gəncləri bəşəriyyət üçün faciəyə çevirən insan alveri və zorakılığa yox deməyə səsləməkdir. Xilas yolu hər bir kəsin sağlam həyat tərzində, sağlam əxlaqında, sağlam ruhundadır.

Sonra Gənclər və İdman Nazirliyinin və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları mövzu ətrafında çıxış ediblər. Çıxışlarda ömrünün ən qaynar, ən coşqun dövrünü yaşayan müasir gəncliyə - sabahın qurucularına pis insanların toruna düşmək yox, mübariz, təhsilli, vətənpərvər olmağın yaraşdığı vurğulanıb.

Rəsmi hissənin ardınca Bakı şəhərindən dəvət olunmuş gənc müğənnilər tədbirə öz musiqi töhvələrini veriblər.

Sərraf Mirsəfəroğlu